Dünyada 2023-cü ilin ən mühüm SİYASİ KAMPANİYASI: Türkiyə seçkilərinə maraq nədən qaynaqlanır? – RƏY

“Keçiriləcək bu seçkilər belə bir vacib ölkənin ümumi siyasətinə təsir göstərəcəyi üçün dünyanın diqqət mərkəzindədir”.

Bu fikirləri Türkiyədə iyun ayına planlaşdırılan prezident və parlament seçkilərinin dünyada 2023-cü ilin ən mühüm siyasi kampaniya kimi dəyərləndirilməsinin səbəblərinə toxunan Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

STM rəhbərinin sözlərinə görə, Türkiyə seçkilərinin dünya üçün əhəmiyyətini artıran kifayət qədər ciddi səbəblər var:

“Türkiyə seçkilərini dünya üçün vacib edən əsas amil qardaş ölkənin artıq mühüm beynəlxalq oyunçuya çevrilməsidir. Həqiqətən də Türkiyə artıq sadəcə regional deyil, qlobal siyasətdə də ciddi rol oynamaqdadır.

Keçiriləcək bu seçkilər belə bir vacib ölkənin ümumi siyasətinə təsir göstərəcəyi üçün dünyanın diqqət mərkəzindədir. Bəli, o baxımdan razılaşmaq olar ki, 2023-cü ilin ən mühüm siyasi hadisələrindən biri məhz Türkiyədə nəzərdə tutulan prezident və parlament seçkləridir.

Təbii ki, bu qədər maraqla gözlənilən seçkilərə kənardan müdaxilə cəhdlərinin hazırlandığı qətiyyən istisna deyil. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə böyük, güclü, eyni zamanda demokratik seçki ənənələrinə malik bir ölkədir. Ona görə də orada seçkilərə müdaxilə sayəsində nəticələrə asanlıqla təsir göstərmək mümkün olmayacaq.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, bu ilin ən mühüm siyasi hadisələrindən biri də şübhəsiz, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin mümkün nəticəsi olacaq”.

A.Zeynalov

COP29