“Dünyada etnik-dini zəmində artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir” – İlham Əliyev

Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edirik.

Yenicag.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

“Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir.

Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir.

Əminəm ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaqdır”, – deyə məktubda qeyd edilib.

COP29