Dünyada koronavirusa yoluxanların sayı 234 mini ötdü

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların ümumi sayı 234 073 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, dünyada ötən sutka ərzində 24 247 nəfər virusa yoluxub.

Xəstələrin ümumi sayı 234 073 nəfərə çatıb. Ötən sutka ərzində 1061 ölüm qeydə alınıb, ölənlərin ümumi sayı 9840 nəfərə çatıb.

Bildirilir ki, 104 591 yoluxma halı və 4899 ölüm halı Avropada qeydə alınıb. Çində hazırda koronavirus xəstələrinin sayı 81 300 nəfər, koronavirusdan ölənlərin sayı isə 3253 nəfər təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun qarşısını almaq üçün alkoqollu içkilərdən və siqaretdən imtina etməyə, idmanla məşğul olmağa çağırıb:

“Sizin immun sisteminizin normal işləməsinə kömək edən sağlam və faydalı qidaları yeyin, alkoqolun istifadəsini məhdudlaşdırın və şəkər tərkibli içkilərdən çəkinin, siqaret çəkməyin. Əgər koronavirusa yoluxsanız, siqaret çəkmək xəstəliyin ağırlaşmasına səbəb ola bilər”.