Dünyada önəmli dövlətə çevrilmiş Azərbaycan: “Cümhuriyyətimizin yadigarı olan bayrağımız artıq Şuşada dalğalanır”
“Azərbaycan xalqı müstəqil, azad yaşamaq uğrunda mücadilə apardı və öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında 28 May- Müstəqillik Günü ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputatın sözlərinə görə, qədim zamanlardan Azərbaycanın böyük dövlətçilik ənənələri olmuşdur:
“Azərbaycan tarixin müəyyən dövrlərində güclü inkişaf yolu keçərək, böyük torpaqlara sahib olub. Zaman keçdikcə işğalçı qüvvələr torpaqlarımızı işğal edib, müstəqilliyimiz əlimizdən alınmışdır. XX əsrin əvvəllərində Çar imperiyasının dağılması nəticəsində, ovaxtki mütəfəkkir ziyalılarımız 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini (AXC) yaratdı və müstəqilliyini elan etdi. Lakin bu müstəqil dövlətimizin də ömrü uzun sürmədi. Cəmi 23 ay yaşayan AXC daşnaq-bolşevik quldurlarının və daxilimizdəki xainlərin hərbi təcavüzü nəticəsində süquta uğradı. 23 ay ömür sürməsinə baxmayaraq, AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı. Azərbaycan xalqı müstəqil, azad yaşamaq uğrunda mücadilə apardı və öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Mövcud olduğu qısa zamanda AXC Azərbaycanın ilk parlamentini, hökumətini yaratdı. Dövlət atributları təsis edildi. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Parlamentdə milli müstəqilliyin gücləndirilməsi, ölkədə siyasi, iqtisadi inkişafın təmin edilməsi, demokratik prinsiplərin bərqərar olması istiqamətində mühüm qərarlar qəbul edildi. AXC bütün ölkə vətəndaşlarına eyni hüququ verərək dini, irqi bərabərsizliyi aradan qaldırdı. Qısa müddət ərzində Milli Ordu quruldu və Qafqaz İslam Ordusu ilə Bakı və ətraf ərazilər işğaldan azad edildi . AXC-nin xarici siyasətinin əsası dünya birliyi tərəfindən Azərbaycanın tanıdılması olmuşdur”.
K.Əliyeva qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycanın üçrəngli bayrağı artıq Şuşada və işğaldan azad olunmuş şəhər və kəndlərimizdə dalğalanır:
“Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi “Müstəqilliyi qorumaq, saxlamaq, o müstəqilliyi əldə etməkdən qat qat çətindir”. Azərbaycan Xalq Cümhuriyyəti də bu müstəqilliyi qoruyub saxlaya bilmədi. Lakin 1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqil dövlət qurmağı bacardı. Azərbaycan dövlətinin müstəqilliyinin qorunması üçün Ümummillilider dəfələrlə ölümlə üz üzə qaldı, lakin heç vaxt bu yoldan dönmədi, hər zaman bu müqəddəs amal uğrunda çalışdı. Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən etdi. Azərbaycan dövlətinin müstəqilliyinin əsası Naxçıvanda Heydər Əliyev tərəfindən qoyulmuşdur. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də AXC-nin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsdiq edilmişdir. Sovet İttifaqının mövcud olduğu bir vaxtda belə bir qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdi. Bu addımı ilə Heydər Əliyev öz dövlətinə və xalqına nə qədər bağlı olduğunu, bu yoldan dönməz olduğunu bur daha göstərdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Ermənistanla atəşkəsə nail olundu. Bundan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdirildi, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Güclü Azərbaycan Ordusunun əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycanın üçrəngli bayrağı artıq Şuşada və işğaldan azad olunmuş şəhər və kəndlərimizdə dalğalanır”.
Deputat əlavə edib ki, Azərbaycan tək region üçün deyil, dünyada önəmli bir dövlətə çevrilmişdir:
“Bu gün Prezident cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha güclü demokratik dövlətə çevirmişdir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuşdur. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan xalqının rifahı, sosial vəziyyəti durmadan yüksəlir. Prezident cənab İlham Əliyevin siyasəti nəticəsində xarici dövlətlərlə bərabərtərəfli münasibətlər qurulur. Azərbaycan tək region üçün deyil, dünyada önəmli bir dövlətə çevrilmişdir. Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Prezident cənab İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən siyasi kurs həyata keçirir. Bununla yanaşı Prezident cənab İlham Əliyevin müəllifi olduğu tolerant və multikultural dəyərlərə hörmət və qayğı bütün dünyaya bir nümunədir. Prezident cənab İlham Əliyev hər zaman dövlətçilik ənənələrinə böyük diqqət və qayğı ilə yanaşır, hörmət və ehtiram göstərir. 2007-ci il 25 may tarixində Bakıda dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqbal Bəyannaməsinin rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyev iştirak etmiş və ölkə başçısı tərəfindəm 2018-ci ilin ölkəmizdə “AXC ili” elan edilməsi Azərbaycanın dövlətçilik tarixinə göstərilən ehtiramdan xəbər verir.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik Günü haqqında ” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən 28 May Müstəqillik Günü, oktyabrın 18 isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir”.
İsmayıl Bakuvi