Dünyada yaşanan ƏRZAQ BÖHRANI: “Qeyri-tarazlıqlar bazarların yenidən formalaşmasına yol açır”

“Moskvaya qarşı tətbiq olunan sanksiyaların iqtisadi böhrana yol açacağı gözlənilən idi”.

Bunu dünyada yaşanan ərzaq böhranının səbəblərini dəyərləndirən iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, böhran ağrılı və uzunmüddətli olacaq:

“Dünyada ərzaq böhranının yaranmasının və dərinləşməsinin bir sıra fundamental səbəbləri var. Dünya iqtisadiyyatında kəskin qeyri-tarazlıq hökm sürür. Son illər ərzində maliyyə sektoru real iqtisadi sektordan xeyli dərəcədə uzaq inkişaf edib. Ona görə də artan pul kütlələri iqtisadiyyatın real sektoruna deyil, maliyyə sektoruna istiqamətlənib. Nəticədə meydana gələn qeyri-tarazlıqlar iqtisadi böhranın yaşanmasına təsir etdi. Qeyri-tarazlığın olması inflyasiyanın sürətlənməsinə, qiymətlərin artmasına, pul kütləsinin real iqtisadi prosesləri tənzimləyə bilməməsinə yol açır. Bu baxımdan, aparıcı ehtiyat valyutaları sürətlə dəyərdən düşməkdədir. Bundan başqa, iqtisadi qeyri-tarazlıqlar istehsal prosesini kifayət qədər ciddi problemlərlə üz-üzə qoyur. Bu, nəqliyyat və logistikada problemlərə səbəb olur. Son nəticədə iqtisadi qeyri-tarazlıqlar bazarların yenidən formalaşmasına yol açır.

Son aylarda Rusiya ilə Ukrayna arasında baş verən hərbi münaqişə də ərzaq böhranının məntiqi davamı kimi getməkdədir. Bu gün istehsal və danışma ilə bağlı zəncirlər sınmaqdadır. Rusiyanın bütövlükdə istehlak bazarında rolunu nəzərə alsaq, Moskvaya qarşı tətbiq olunan sanksiyaların iqtisadi böhrana yol açacağı gözlənilən idi. Sözsüz ki, bu vəziyyət Rusiyadan daha çox, onun əsas xarici ticarət tərəfdaşlarına və Avropaya təsir göstərəcəkdi. Hazırkı şəraitdə artıq bu prosesin şahidiyik. Belə ki, enerji və enerji daşıyıcılarının qiyməti bahalaşır. Bu, ərzaq bazarına bilavasitə təsir edir. Unutmaq olmaz ki, Rusiyanın gübrə və taxıl bazarında xüsusi çəkisi var”.

Gülşən Şərif