Dünyada yeni koronavirusa yoluxanların sayı 26 apreldən 27 aprelə qədər sutka ərzində 85 mindən çox artdı ki, bu da əvvəlki gündən bir qədər çoxdur. Təsdiq edilmiş ölüm hallarının sayı 5 minə yaxın artıb ki, bu da əvvəlki günə nisbətən 1000 nəfər azdır.
Yenicag.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.
Bildirilib ki, dünyada 2 878 196 yoluxma və 198 668 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 85 530, ölüm halları isə 4 982 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb: müvafiq olaraq 1 359 380 və 122 525 hal. 24 saat ərzində orada yoluxanların sayı 29 659, ölüm halları isə 2 307 nəfər artıb.
Şimali və Cənubi Amerikada ümumilikdə 1 140 520 nəfər koronavirusa yoluxub, 58 492 nəfər ölüb. Sutkada yoluxanların sayı baxımından (45 674 nəfər) bu bölgə Avropanı üstələyir və 24 saatda daha çox ölüm halı da qeydə alınıb (2 453).
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Aprelin 27-nə olan məlumata görə, orada 165 933 nəfər koronavirusa yoluxub və 6991 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (931 698), İspaniyada (207 634), İtaliyada (197 675), Almaniyada (155 193), Böyük Britaniyada (152 844), Fransada (123 279), Türkiyədə (110 130), İranda (90 481), Rusiyada (87 147) və Çində (84 341) qeydə alınıb.