!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı gözləyən TAXIL QITLIĞI: "Baş verənlər Azərbaycan üçün siqnal olmalıdır ki..." - ÇIXIŞ YOLU

!Reklam – Yazi

“Müharibə uzandıqca Ukraynadakı 20 milyon ton taxıl çıxarılmayacaqsa, kasıb ölkələrə ciddi təsir göstərəcək. Aclığın və çatışmazlığın olması indi də görünməkdədir”.

Bu sözləri Ukrayna-Rusiya müharibəsi fonunda dünyanı gözləyən aclıq və Azərbaycanda taxıl və bitki yağı ehtiyatının hansı vəziyyətdə olmasını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Natiq Cəfərli bildirib ki, Afrika və Asiya ölkələri aclıq təhlükəsi ilə üz-üzə qalıb:

“Ukrayna və Rusiya dünya taxıl bazarının üçdə birini təmin edirdi. Bu, kifayət qədər ciddi göstəricidir. Nəticə etibarı ilə Ukraynadan taxılın çıxarılması mümkün deyil. Limanlara Rusiya nəzarət edir. Dəmiryolları ilə də o həcmdə taxılı daşımaq mümkün deyil. Ona görə də Ukraynadan taxılın çıxarılması kasıb ölkələrə təsir göstərir. Ukraynanın müqavilələrinin böyük hissəsi Afrika və Asiya ölkələri ilədir. Həmin ölkələrdə aclığın, taxılın çatışmaması açıq-aydın görünür. BMT-nin hesabatında da əsas vurğu Afrika ölkələri ilə Asiya ölkələrinin payına düşür. Müharibə uzandıqca Ukraynadakı 20 milyon ton taxıl çıxarılmayacaqsa, kasıb ölkələrə ciddi təsir göstərəcək. Çünki Avropa Birliyi ölkələrində vəziyyət daha yaxışıdır. Çünki onların yerli istehsalı var. Bundan başqa, Avropa Birliyi ölkələrinin taxıl təminatçısı Kanada idi. Kanadadan taxıl almaqda davam edirlər. Düzdür, qiymətlər qalxır. Bir ton taxılın qiyməti 450 dollara yaxınlaşıb. Qiymət baha olsa da, fiziki olaraq çatışmazlıq yoxdur. Afrika ölkələri, Asiya və ərəb ölkələrində ciddi problemlər yaşanır. Müharibə uzandıqca bu o deməkdir ki, payız əkini də mümkün olmayacaq. Növbəti il üçün də 20 milyon ton taxılın itkisi baş verə bilər. Bu da daha böyük fəlakətlərə səbəb ola bilər.

Rusiyaya gəldikdə. Rusiyanın taxıl ehtiyatları var, ancaq onun satışına məhdudiyyətlər qoyub. Rusiya ancaq dost olan ölkələr taxıl satır və yalnız Nazirlər Kabinetinin xüsusi qərarı ilə satışın həyata keçirilməsinə icazə var. Bu isə o deməkdir ki, bir çox ölkələrin Rusiyadan taxıl alma imkanları məhdudlaşır.

Bundan başqa, bitki yağları ilə vəziyyət də eynidir. Bitki yağları kasıb ölkələrin rasionunda çox önəmli yer tuturdu. Rusiya ilə Ukraynanın birgə qarğıdalı və günəbaxan yağı istehsalı dünya bazarında 58 faiz paya malikdir. Bu isə kifayət qədər ciddi problemdir”.

Azərbaycanla bağlı vəziyyətə gəldikdə isə Natiq Cəfərli bunları qeyd edib:

“Azərbaycanda vəziyyət nisbətən yaxşıdır. Qazaxıstanla müqavilələr imzalanıb. İlin əvvəlində, ilk dörd ayda xaricdən 306 min ton taxıl alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə təqribən 50 min tona yaxın azdır. Payız aylarına qədər ehtiyatların olduğu görünür. Ancaq qiymətlər istər-istəməz artacaq. Azərbaycanda un məmulatlarının və çörəyin qiymətində artım dalğasının olması gözlənilir. Bitki yağları ilə bağlı iki aya yaxın ehtiyatların olduğu bilinir. Türkiyə ilə də yeni müqavilələrin bağlanılması gözlənilir. Bitki yağlarının ölkəyə çatdırılmasında bu il üçün axsamaların olması gözlənilmir. Qiymətlər burada da artacaq.

Baş verənlər Azərbaycan üçün siqnal olmalıdır ki, daxili istehsalı artırmalıyıq. İstər bitki yağları, istərsə də taxılın istehsalını və keyfiyyətini artırmaq lazımdır. Azərbaycanda taxıl istehsalı həcm olaraq az deyil. 3 milyon tona yaxın taxıl istehsal olunur. Ancaq bunun 25 faizi çörək və un məmulatları üçün yararlıdır. Yerdə qalanı yem üçün istifadə olunur. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda keyfiyyət problemi var. Keyfiyyətli buğda istehsal edə bilmirik”.

Səxavət Məmməd

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv