Dünyanın 10 ən güclü kəşfiyyat orqanı barədə bilmədikləriniz…

47674Onları fərqləndirən əsas özəlliklər; sirr kimi saxlanılan xüsusi xidmət orqanları; dünyadakı ən böyük kəşfiyyat qurumunun 150 min əməkdaşı var və o… Pakistana məxsusdur.

Kəşfiyyat orqanları və ya xüsusi xidmətlər hər zaman insanların maraq dairəsində olub. Görünməz əllər, gizli fəaliyyət göstərən, bəzən bir ölkəni, hətta dünyanı xilas edən zirək, ağıllı və tədbirli qəhrəman agentlər. Ekranların unudulmaz obrazı Ceyms Bond insanların bu sirli işə marağının nəticəsidir. Amma bunlar necə deyirlər, təqdim olunanlardır.
Dövlətin qüdrəti həm də onun güclü kəşfiyyat oraqlarına sahib olmasına mütənasibdir. Xüsusi xidmətlər klassik mənada “xəbərtoplama” (bir çox ölkədə kəşfiyyat və ya xüsusi xidmət orqanları məhz xəbər toplama qurumu adlandırılır) qurumlarıdır. Qədimdə bu işi tacirlər, gəzərgi səyyahlar, dərvişlər görüblər, daha sonra diplomatlar kəşfiyyatçı funksiyasını yerinə yetiriblər. Yalnız 20-ci əsrin əvvəllərində dünya ölkələri ayrıca kəşfiyyat qurumu yaratmağa başlayırlar.

İlk olaraq Kayzer Almaniyası xüsusi olaraq kəşfiyyat işi məşğul olar orqan yaradır. Bundan sonra tədricən bütün ölkələrin gizli servisləri və ya xəbərtoplama qurumları yaranıb. Hazırda əksər dövlətlərin ayrıca kəşfiyyat qurumları var. Hətta bəzi ölkələrdə bir neçə ixtisaslaşmış kəşfiyyat və ya xüsusi xidmət orqanı fəaliyyət göstərir.

Hərbi kəşfiyyat, əks-kəşfiyyat, xarici kəşfiyyat və ya sadəcə, kəşfiyyat qurumları, eləcə də onların müxtəlif istiqamətlərdə ixtisaslaşmış mərkəzləri mövcuddur. Aşağıda dünyanın ən güclü 10 xüsusi xidmət orqanı haqda məlumat verəcəyik. Qeyd edək ki, ənənəvi olaraq hər il müxtəlif qurumlar dünyanın güclü 10 xüsusi xidmət orqanının siyahısını hazırlayır.
“Top-10″-luqda liderlər bəlli olsa da, bəzən yerdəyişmələr də olur. Məsələn, ötən il Pakistanın xüsusi xidmət orqanı İCİ ilk onluqda birinci yerə layiq görülmüşdü. Ancaq buna baxmayaraq ənənəvi olaraq qəbul olunan sıralamanı sizə təqdim edirik:

1. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency – CİA. MKİ) – ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. 1947-ci il sentyabrın 18-də prezident Harri Trumenin qərarı ilə təsis edilib. 20, bəzi məlumatlara görə isə 34 min əməkdaşı var. Bundan başqa CİA və ya MKİ bir sıra analitik mərkəzlərlə əməkdaşlıq edir. ABŞ-ın ən böyük kəşfiyyat orqanı olan MKİ-nin əsas vəzifəsi ABŞ-ın siyasətinə təsir edə bilən ölkələr barədə məlumat toplamaqdır. Təşkilatın dünyanın demək olar ki, bütün nöqtələrində agentləri çalışır.

Bundan başqa MKİ-nin Cinayətkarlıq və Narkotik Mərkəzi, Əks-kəşfiyyat, Əməliyyat Məlumatları, Silah Kəşfiyyatı Mərkəzi adlı bölmələri, o cümlədən Asiya-Sakit Okean, Latın Amerikası, Afrika, yaxın Şərq, Cənubi Asiya, Rusiya, Avropa və sair kimi ərazi bölmələri, həmçinin bir neçə ayrıca analiz mərkəzləri fəaliyyət göstərir. Tamamilə məxfi qurum olduğu üçün MKİ-nin fəaliyyət üsulları haqda tam ətraflı məlumat olmasa da, keçmiş agentlərin açıqlamalarından belə aydın olur ki, hazırda ABŞ kəşfiyyatının əsas fəaliyyət sahəsi internet və mobil rabitə kəşfiyyatıdır.

MKİ-nin yüksək təhsilli agentləri internet və mobil rabitə xətləri üzərindən kəşfiyyat aparır. Şəxsləri dinləyir, izləyir. Mətbuatda gedən məlumatlara görə, ABŞ-ın dünyanın müxtəlif bölgələrinə səpələnmiş böyük analitik mərkəzləri məhz MKİ üçün toplanmış internet və telefon məlumatlarını incələyərək hesabatlar, analitik rəylər hazırlamaqla məşğuldur. MKİ-nin “səyyar agentləri”, bölgələrdə işləyən kəşfiyyatçıları da var. Son olaraq 2011-ci ildə Pakistanda MKİ Bin Ladeninin yerinin təsbit edilərək məhv edilməsi əməliyyatını uğurla həyata keçirib.

2. Britaniya kəşfiyyatı. Əslində Britaniya kəşfiyyatının adı Gizli Kəşfiyyat Xidməti adlı böyük qurum olsa da, dünyada məşhur olan onun bir bölməsi olan Mİ-6 (Military Intelligence) hərbi kəşfiyyat qurumu kimi yaradılsa da, sonradan xarici kəşfiyyat xidməti kimi fəaliyyət göstərib. Mİ-5 isə daxili kəşfiyyat qurumudur. 1909-cu ildə yaradılan qurum dünyada ilklərdən olaraq Britaniya hökumətinin təhlükəsizlik, müdafiə, xarici siyasət və iqtisadi siyasətinə kəşfiyyat dəstəyi verir. SSRİ zamanı Mİ-6 MKİ ilə birlikdə dünyanın müxtəlif bölgələrində uğurlu əməliyyatlar həyata keçirib. Britaniya xüsusi təyinatlı xidməti olan SAS isə dünyada öz sahəsində ən üstün hesab olunur.

3. Pakistan xüsusi xidmət orqanı İSİ (İnter Services İntelligence). Təşkilatın əsası 1947-ci ildə Hindistan-Pakistan müharibəsi zamanı hərbi kəşfiyyat qurumu kimi qoyulub, əsas hədəfi Hindistana qarşı müharibədə Pakistanın hərbi qüdrətini artırmaq olub. 1948-ci ildə isə İSİ ayrıca qurum kimi yaradılıb. İSİ Hindistana qarşı kəşfiyyat fəaliyyəti aparıb, eyni zamanda Əfqanıstanda sovet işğalı zamanı xeyli dərəcədə fəal kəşfiyyat qurumu olub. Bu səbəbdən də bir sıra qurumların reytinq cədvəllərində bəzən dünyanın ən güclü kəşfiyyat orqanı adlandırılır. MKİ ilə yaxından əməkdaşlıq edən İSİ-nin eyni zamanda “əl-Qaidə”, “Taliban” içərisində güclü agent şəbəkələri mövcuddur.

İSİ 150 min nəfər əməkdaşı olan dünyanın ən böyük kəşfiyyat qurumu adına sahibdir. İSİ “əl-Qaidə”nin Hindistan qolu hesab edilən “Dekkan Mücahidələri”, “Ləşkəri Teyyibə” kimi terror qruplaşmaları üzərində təsiri var. Ancaq eyni zamanda 2011-ci il Bin Ladenin öldürüldüyü Abbotabat əməliyyatlarında məlum olmuşdu ki, İSİ-nin həm də “əl-Qaidə” ilə bağlantıları var.

4. Dünyanın ən öndə gələn kəşfiyyat qurumlarından biri də İsrailin Mossad kəşfiyyat xidmətidir. Ancaq Mossadla yanaşı, İsrailin hərbi kəşfiyyat xidməti (AMAN) və Şin Bet (Şabak adı ilə də tanınır) daxili təhlükəsizlik xidməti də mövcuddur.

Kəşfiyyat və Xüsusi Əməliyyatlar İnstitutu və ya qısa adla Mossad (Mossad sözü ibrani dilində institut mənasını verir) 1949-cu il dekabrın 13-də yaradılıb. Mərkəzi ofisi paytaxt Təl-Əvivdə yerləşir. Rəsmi olaraq 1200 nəfər əməkdaşının olduğu elan edilsə də, sahə mütəxəssislərinin rəyinə görə, “sleeper” (yatmış) agentləri ilə birlikdə Mossadın 30 minə yaxın əməkdaşı var.

Mossad mülki qurumdur, baxmayaraq ki, əməkdaşlarının böyük əksəriyyəti hərbi xidmətdə olmuş şəxslərdir. Təşkilatın əsas fəaliyyəti kəşfiyyat məlumatlarının toplanması, İsrailə qarşı gizli planların ifşa olunması və nəhayət, xaricdə əməliyyatların keçirilməsidir. Mossad dünyada məhz xarici ölkələrdə keçirdiyi əməliyyatları ilə məşhurdur. 1972-ci il Münhen Olimpiadası zamanı İsrail idmançılarına qarşı terror həyata keçirən FAT üzvlərinin xarici ölkələrdə məhv edilməsi, 2010-cu ildə Dubayda Həmasın hərbi qanadının liderlərindən olan Mahmud əl-Məbhuhun oteldəki nömrəsində öldürülməsi Mossad agentləri tərəfindən həyata keçirilib.

5. Rusiya xüsusi xidmət orqanı – FTX (Federal Kəşfiyyat Xidməti). Bəzi cədvəllərdə Rusiyanın ən güclü kəşfiyyat orqanı kimi “QRU”-nun (Baş Kəşfiyyat İdarəsi), yəni hərbi kəşfiyyatın adı qeyd olunsa da, keçmiş DTK-nın varisi kimi hazırda Rusiyanın əsas kəşfiyyat orqanı məhz FTX-dır. DTK-nın varisi 1995-ci ildə Rusiya prezidenti Boris Yeltsinin əmri ilə yaradılıb.

FTX əks-kəşfiyyat, daxili və sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və xarici kəşfiyyat fəaliyyəti ilə məşğul olur. Moskvanın mərkəzində keçmiş DTK binasında yerləşən FTX-nın yalnız adının dəyişdiyini demək olar.

FTX da sələfi kimi həm ölkə xaricində, həm də daxildə geniş miqyaslı əməliyyatlar keçirir. Çeçenistanda, son illərdə Dağıstanda anti-terror əməliyyatlarına məhz bu qurum rəhbərlik edib. Bir sıra xüsusi xidmət və çevik əməliyyat dəstələri FTX-nın tabeliyində fəaliyyət göstərib. FTX-nın büdcəsi və ştat vahidi sirr kimi saxlanılır.

6. Almaniya xüsusi xidmət orqanı BND (Bundesnachrichtendienst). 1956-cı il aprelin 1-də yaradılıb. Almaniya kanslerinə tabedir. Rəsmi olaraq alman hökumətinin xarici kəşfiyyat agentliyi hesab olunur. BND xaricdə Almaniyanın maraqlarının qorunması, ona olan təhdidlə bağlı məlumat toplayır və bu barədə hökuməti məlumatlandırır. Dünyada ən dəqiq işləyən kəşfiyyat orqanlarından biri hesab olunub.

Bundan başqa, beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, texnologiya casusluğuna qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq, silah alveri, çirkli pulların yuyulması, qeyri-qanuni miqrasiya və informasiya müharibəsinə qarşı mübarizə aparır. Bu yaxınlarda BND-nin Türkiyə rəsmilərini, o cümlədən ABŞ dövlət katibi dinləməsi ilə bağlı faktlar üzə çıxıb. Maraqlıdır ki, Almaniya qanunvericiliyinə görə, BND həm hərbi, həm də mülki kəşfiyyat məlumatları toplayır.

7. Çin Dövlət Təhlükəsizliyi Nazirliyi (MSS). Çin dövlətinin əsas xüsusi xidmət orqanıdır. 1983-cü ildə qurulub. Qurum həm daxili, həm də xarici kəşfiyyat sahəsinə nəzarət edir. Ölkə daxilində polis qədər səlahiyyəti var, həbslər həyata keçirə və istintaq apara bilir. Mərkəzi ofisi Pekində yerləşir. Təşkilatın əsas vəzifəsi dövlət təhlükəsizliyini təmin etmək, xarici agentləri, casus və təxribatçıları ifşa etmək, sosialist rejimini devirməyə çalışanlara qarşı mübarizə aparmaqdır. MSS-in böyük bir agent ordusu var. Ölkə daxilində, o cümlədən dünyanın müxtəlif ölkələrinə səpələnmiş çinli icmalarında MSS agentlərinin olduğu güman edilir. ABŞ, Kanada, Şimal və Qərbi Avropa, Yaponiyada MSS-in 120-dən artıq agent mərkəzlərinin olduğu iddia edilir.

8. Hindistanın xüsusi xidmət orqanı RAW və ya Hindistan Xarici Kəşfiyyat Agentliyi 1968-ci il sentyabrın 21-də yaradılıb. 1962-ci il Hindistan-Çin və 1965-ci il Hindistan-Pakistan müharibələrində qeydə alınan kəşfiyyat boşluğunu doldurmaq üçün yaradılmış xarici kəşfiyyat agentliyidir. Əsas funksiyası xarici kəşfiyyat, terrorizm əleyhinə mübarizə, məxfi əməliyyatlar həyata keçirməkdir. Bundan əlavə, Hindistan hökumətinin xarici siyasəti, informasiya təminatı, xarici hökumətlər, kompaniyalar, korporasiyalar və şəxslər barəsində məlumat toplamaq da onun vəzifələri sırasına daxildir.

9. Fransa Xarici Təhlükəsizlik İdarəsi – DGSE 2 aprel 1982-ci ildə qurulub. Fransa Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Əsasən xaricdə hərbi və əks-kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsi, o cümlədən ölkə daxilində kəşfiyyat və milli təhlükəsizliyin təmin olunmasında əsas aparıcı orqandır. Baxmayaraq ki, Fransada daxili təhlükəsizliyə DCRI (Daxili Kəşfiyyat Mərkəzi Müdirliyi) nəzarət edir.

Qurumun 5 min əməkdaşının olduğu bildirilir. Nisbətən yeni qurum olsa da, Fransa hərbi kəşfiyyatı bir sıra münaqişəli bölgələrdə, o cümlədən son illərdə Mərkəzi Afrika Respublikasında, Liviyada və digər yerlərdə əməliyyatlar həyata keçirib.

10. Avstraliya xüsusi xidmət orqanı ASİS (Australian Secret Intelligence Service). 13 may 1952-ci ildə yaradılıb. İlik büdcəsi 162.5 milyon Avstraliya dollarıdır. Avstraliya hökuməti tərkibində fəaliyyət göstərir. Əsas fəaliyyəti əks-kəşfiyyat, o cümlədən xarici ölkələrdə, xüsusən də Asiya Sakit Okean regionunda kəşfiyyat məlumatlarının toplanması olub. Maraqlıdır ki, qurumun mövcudluğu 20 il sirr kimi saxlanılıb.

ASİS-in bölgədə böyük bir casus şəbəkəsi mövcuddur. Eyni zamanda təşkilat ABŞ və Böyük Britaniya kəşfiyyatı ilə yaxından əməkdaşlıq edərək birgə fəaliyyət göstərir.

musavat.com

COP29