Dünyanın ən hörmətli pasportu hansıdır?

pasp

“The Telegraph” yazır ki, dünyanın “ən hörmətli” pasportunun Almaniya pasportu olması bir daha təsdiqlənib. (BBC) Henley & Partners vətəndaşlıq və planlaşdırma firmasının apardığı araşdırmada pasportun sanbalı onun vizasız səfər etməyə imkan verdiyi ölkələrin sayı ilə ölçülür.

Bu mənada Almaniya pasportu ilə vizasız olaraq 218 ölkədən 177-nə getmək olar.Britaniya pasportu 175, ABŞ pasportu isə 174 xarici ölkəyə vizasız səfər etmək imkanı verir.

“The Telegraph” yazır ki, 2015-ci ilin reytinqində Britaniya pasportu Almaniya pasportu ilə yanaşı 1-ci yerdə idi, lakin bir il ərzində bir neçə ölkə almanların vizasız gəlişinə icazə verib.İndi hətta İsveç pasportu da Britaniya pasportunu keçib. Britaniya pasportu hazırda Fransa, İtaliya, İspaniya və Finlandiya pasportları ilə birlikdə üçüncü yeri tutur.

Dördüncü yerdə Belçika, Danimarka, Hollandiya və ABŞ pasportları gəlir.

Dünyanın ən qüdrətsiz pasportunu əfqanların gəzdirdiyi bəlli olub. Əfqanıstan pasportu ilə cəmi 25 ölkəyə vizasız səfər etmək mümkündür.

“The Telegraph” yazır ki, 199 ölkənin pasportlarının keçərliyi ötən bir il ərzində demək olar, dəyişməyib. Lakin bəzi ölkələrin pasportları qısa müddətdə reytinq cədvəlindəki yerlərini yaxşılaşdırıblar.Məsələn Tonqa 16, Palau 20, Kolumbiya 25, Timor-Leste isə 33 pillə yüksəlib. Məqalədə deyilir ki, “investisiya yatır, vətəndaşlıq al” sxemini tətbiq edən Malta pasportu hazırda dünyanın ən nüfuzlu 8-ci pasportudur.

Buna bənzər sxemdən Portuqaliyada da istifadə olunur. Bu o deməkdir ki, Portuqaliyada vətəndaşlıq almaq üçün ora investisiya yatırmaq lazımdır. Hazırda Portuqaliya pasportu ilə dünyanın 172 ölkəsinə vizasız gedib-gəlmək olar.”The Telegraph” yazır ki, ümumilikdə bütün dünya üzrə hərəkət sərbəstliyi artıb. Məqalədə ən “qüdrətli” və ən “zəif” pasportları olan ölkələrin reytinq cədvəli verilib.

Dünyanın ən qüdrətli pasportları:

Almaniya – 177 ölkə

İsveç – 176

Finlandiya, Fransa, İtaliya, İspaniya, Britaniya – 175

Belçika, Danimarka, Hollandiya, Birləşmiş Ştatlar – 174

Avstriya, Yaponiya, Sinqapur – 173

Kanada, İrlandiya, Cənubi Koreya, Lüksemburq, Norveç, Portuqaliya, İsveçrə -172

Yunanıstan, Yeni Zelandiya – 171

Avstraliya – 169

Malta – 168

Macarıstan, Çexiya, İslandiya – 167

Dünyanın ən “zəif” pasportları:

Əfqanıstan – 25

Pakistan – 29

İraq – 30

Somali – 31

Suriya – 32

Liviya – 36

Eritreya, Efiopiya, İran, Nepal, Fələstin ərazisi, Sudan – 37

Kosovo, Cənubi Sudan, Yəmən – 38

Banqladeş, Konqo, Livan, Şri Lanka – 39

Burundi, Şimali Koreya, Birma – 42