Dünyanın ən sülhsevər ölkələri açıqlandı

“Qlobal Sülh İndeksi” (Global Peace Index) dünyadakı münaqişələrə və zorakılıqlara baxmayaraq, son 5 ildə ilk dəfə bir qədər artıb.

Yenicag.az xəbər verir ki, bu barədə müharibələr, terrorizm, polis zorakılığı, silah ixracatı, ictimai birlik və insan hüquqlarına hörmət kimi kriteriyalara görə hər il 160-dan çox ölkədəki vəziyyəti qiymətləndirən London İqtisadiyyat və Sülh İnstitutunun (IEP) hesabatında deyilir.

IEP-ə görə, Avropa dünyanın ən sülhsevər regionu olaraq qalır. Buna ötən il terror aktlarının sayının və miqrant axınının azalması da təsir göstərib.

İslandiya reytinqdə birinci pillədəki yerini qoruyub. İkinci yerdə Yeni Zelandiya, üçüncü sırada isə Portuqaliya qərarlaşıb. Almaniya dörd pillə geriləyərək 22-ci, ABŞ isə 128-ci olub.

Azərbaycan ötən illə müqayisədə iki pillə yüksələrək bu reytinqdə 130-cu sırada yer alıb.

Sülhsevər ölkələrin siyahısında son yerdə Əfqanıstan qərarlaşıb. Türkiyə, Yəmən və Nikaraquada da vəziyyət pisləşib. İnstitut dünyadakı şiddətin dəyərini 14,1 trilyon dollar civarında qiymətləndirib./Report/