Dünyanın ən varlı adamı – 1 gündə 2,3 milyard dollar qazandı

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti bir sutka ərzində 2,3 milyard dollar yüksəlib.

Yenicag.az “Technote”a istinadən bildirir ki, “Amazon Prime” servisinin istifadəçi kütləsinin sayı 100 milyonu keçib. 19 Aprel tarixindəki birja hərraclarında “Amazon” şirkətinin səhm qiymətləri 2,7% yüksəlib.

Beləliklə şirkətin bir dəyərli kağızının qiyməti 1568,52 dollar təşkil edib. Şirkətin bazar qiyməti isə 753,7 milyard dollara kimi yüksəlib.

“Forbes”-jurnalının məlumatına görə Bezos-un ümumi sərvəti 1,8% (2,3 milyard dollar) yüksələrək 128,8 milyard dollar təşkil edib. Qeyd etmək lazımdır ki, Bezos dünyanın ən varlı şəxsi olmaqda davam edir. O, Microsoft şirkətinin təsisçisi Bill Qeytsi 37,2 milyard dollar üstələyir. “Amazon” şirkətinin səhm qiymətləri “Amazon Prime” servisinin bütün dünya üzrə istifadəçi kütləsinin 100 milyonu keçməsi xəbərindən sonra yüksəlib.

Bundan öncə şirkət sözügedən servisin istifadəçi kütləsi barəsində məlumat vermirdi. Həmin dövrdə analitiklər güman edirdilər ki, bu servisdən ortalama 90 milyon insan istifadə edir. “Prime” xidmətinin illik abunə haqqı 99 dollardır. İstifadəçilər bu servis vasitəsilə istədikləri sayda məhsul sifariş verə və sifariş verdikləri məhsulları 2 gün ərzində pulsuz çatdırılma ilə əldə edə bilərlər. Həmçinin bu servis vasitəsilə istifadəçilər sifariş etdikləri məhsulu sifariş günündə və ya bir gün sonra əldə edə bilərlər. Bezosun sözlərinə görə 2017-ci ildə “Prime” istfadəçiləri ümumilikdə 5 milyarddan çox məhsul sifariş veriblər.

Zaur H.

COP29