“Dünyanın heç bir ölkəsində belə bir hal yoxdur” – Siyavuş Novruzov kredit fərmanı haqqında

Bu gün Azərbaycan prezidenti İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb.

Yenicag.az-a danışan millət vəkili Siyavuş Novruzov ölkə başçısının verdiyi qərarı şərh edib.

Novruzov açıqlamasında bunu inqilabi fərman adlandırıb:

“Bu inqilabi fərmandır. Dünyanın heç bir ölkəsində belə bir hal yoxdur. Götürülən kreditlər qaytarılır. Cənab prezident seçki platformasına bu məsələni daxil etmişdi və Azərbaycan dövlət büdcəsi müzakirə olunanda bu məsələ artıq ora daxil olunmuşdu. Müvafiq qurumlara tapşırıq verilmişdi ki, bununla bağlı təkliflər hazırlanıb, verilsin. Bundan öncə də verilən qərarların mərkəzində insan faktoru dayanır. Hər şey Azərbaycan vətəndaşı üçündür. Cənab prezidentin bu addımı bütün vətəndaşlar tərəfindən çox yüksək qarşılandı”.

Siyavuş Novruzov bu fərmanın müxalifətin təzyiqi nəticəsində verilməsi fikri ilə razılaşmır. Onun sözlərinə görə, müxalifət xalqı çaşdırmaqla məşğuldur:

“Bunlar hamısı xalqı çaşdırmaq üçündür. Bizim seçicilərlə mindən artıq görüşümüz keçirildi. Seçicilərin təklifləri, arzuları, problemləri seçki ərəfəsində öyrənildi və kompleks şəkildə proqram hazırlandı. Müxalifət bu məsələdən çox əndişələnir. Onlar üçün bu problemin həlli maraqlı deyil. Müxalifətə bu problemlərin daha da dərinləşməsi, insanların səfalət içində olması maraqlıdır. Azərbaycanda vəziyyət nə qədər pis olsa, onlar üçün də bir o qədər yaxşı olacaq”.

Emin Səfərov

COP29