Dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa imkan verəcək dünyanın ilk universiteti təsis edilib.

Yenicag.az ICTnews-a istinadən xəbər verir ki, “Mohamed bin Zayed University of Artificial Intelligence” (MBZUAI) adlı ali təhsil müəssisəsinin açılışı 2020-ci ilin avqustuna planlaşdırılır.

Universitetə süni intellekt texnologiyaları sahəsində işləmələrlə məşğul olan tələbələr, biznes və dövlət şirkətlərinin nümayəndələri qəbul ediləcək. Ali təhsil ocağı tələbələr üçün sahə üzrə ən qabaqcıl biliklərə yiyələnməyə imkan yaradacaq.

Universitetin Qəyyumlar Şurasının sədri Dövlət naziri Sultan Əhməd əl Cabir seçilib. Şuranın tərkibinə Oksford, Miçiqan, Massaçusets və Pekin universitetlərinin professorları da daxildir.

Qeyd edək ki, 2030-cu ildə süni intellekt texnologiyalarının dünya iqtisadiyyatına töhfəsi 16 trilyon dollara çatacaq, onun BƏƏ-nin ümumi daxili məhsulunda (ÜDM) payı isə 14 faiz təşkil edəcək.