“Əslində, Ukraynanın Rusiya ərazilərinə hücumu yeni deyil və sözügedən əməliyyat bundan əvvəl də baş verib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Siyasi təhlilçi Qərb nəşrlərinin Ukrayna Silah Qüvvələrinin Kursk vilayətinə həyata keçirdiyi hücum fonunda Rusiya lideri Vladimir Putinin reputasiyasının zədələnməsi ilə bağlı yaydıqları informasiyalara münasibət bildirib.
Onun sözlərinə görə, bəlli olduğu kimi, sərhəd ərazilər həm Ukrayna tərəfindən atəşə tutulurdu, həm də Rusiya ərazisinə Ukrayna ordusunun kiçik qruplarının daxil olması ilə bağlı məlumatlar yayılırdı:
“Əslində isə müharibədə belə halların baş verməsində qeyri-adi heç nə yoxdur. Hesab edirəm ki, Kurskda baş verən hadisələr Rusiyanın siyasi elitasının reputasiyasına ciddi zərər vurmayacaq. Nəticə etibarilə, əgər müharibə baş verirsə, digər tərəfin də hücum etməsi gözləniləndir”.
E. Mirzəbəylinin qənaətinə görə, məsələnin digər aspekti isə bundan ibarətdir ki, “Politico”, “Financial Times”, “Bloomberg” və digər mətbu orqanların arxasında dayanan qüvvələr Ukraynadakı müharibənin bitməsini istəmədikləri üçün bu qəbildən olan informasiyaları daha çox təbliğat kampaniyasına çevirirlər:
“Çünki onların məqsədi ruslar və ukraynalılar arasında qarşıdurmanın daha uzun çəkməsi, daha çox itkilərin verilməsi və iki qardaş xalqın bir-birinə daha çox düşmən olmasını stimullaşdırmaqdan ibarətdir. Onlar Ukraynaya “bufer zona” kimi baxırlar, nəinki dövlət olaraq. Ona görə də yayılan informasiyalar məhz qeyd etdiyim niyyətə amil kimi dəyərləndirilməlidir. Bunun əks tərəfi isə budur ki, Kurska hücum artıq Rusiyaya bəlli çərçivə sərhədlərindən çıxaraq, daha genişmiqyaslı hücumlar həyata keçirməyə imkan verəcək. Mənə elə gəlir ki, Kursk vilayəti istiqamətində edilən hücumların son nəticəsi Rusiyanın hərbi əməliyyatları genişləndirməsi üçün stimullaşdırıcı fakt ola bilər”.
“O ki qaldı Ukraynanın Kurska hücumunda hansısa rıçaq əldə etməsi iddialarına, bu məsələləri müxtəlif aspektdən dəyərləndirmək olar. Doğrudur, bu məsələdə həqiqət payı mövcuddur, lakin nəzərə alsaq ki, hazırda Ukrayna ərazisinin bir hissəsi Rusiyanın nəzarəti altındadır, – mən hələ Krımı nəzərdə tutmuram – o zaman, Rusiyanın əlində olan rıçaqların nə qədər çox olduğunu görə bilərik. Yəni Kurskdan 1-2 kənd, yaxud qəsəbə zəbt etməklə danışıqlar prosesinə üstün mövqe əldə etmək mümkün deyil”, – deyə o fikirlərini tamamlayıb.
Rafi Müslümov