Rusiya nüvə silahlı ilə bağlı doktrinasına baxdıqdan sonra ABŞ də nüvə silahlarının istifadəsi ilə bağlı hərbi təlimlərə start verəcəyini bildirib. Bundan əlavə, Belarus da rəsmi olaraq bəyan edib ki, əgər NATO onun sərhədlərini keçsə, Rusiya nüvə silahından istifadə edəcək. Yeri gəlmişkən, Rusiyanın Belarusa nüvə başlıqları yerləşdirməsi də iddia olunur.
Bütün bunlar hazırda nüvə müharibəsini gündəmə gətirib. Məsələ ilə bağlı Yenicag.az-a politoloq Qabil Hüseynli açıqlama verib.
Qabil Hüseynli bildirib ki, hazırda nüvə müharibəsinin olma ehtimalı çox aşağıdır.
“Zənnimcə, indiki şəraitdə nüvə silahından istifadə etmək mümkün deyil. Nüvə silahı o qədər təhlükəlidir ki, bu dünyanın sonunu gətirə bilər. Rusiya ABŞ-yə nüvə silahı atacağı təqdirdə, ABŞ, İngiltərə, Fransa buna cavab verəcək. Belə olan təqdirdə, yer öz orbitindən çıxa bilər və dünya insanların yaşaya bilməyəcəyi bir yerə çevrilər”, – deyə o qeyd edib.
Politoloq əlavə edib ki, nüvə silahları çox güclü radiasiya yayır.
“O cür güclü radiasiyada isə heç bir canlı yaşaya bilməz.
“Nə Putin, nə də Bayden ölmək istəyir. Ona görə də, nüvə silahındna istifadənin olacağı inandırıcı deyil. Sadəcə olaraq, çəkindirmə gücü kimi bu silah daim gündəmdə saxlanılır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd