Dünyanın super-milyarderləri açıqlandı – Yeni siyahı

Dünya üzrə cəmi 24 nəfərin daxil olduğu super-milyarderlər siyahısına ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Mask başçılıq edir.

Yenicag.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” “Altrata” analitik şirkətinə istinadən məlumat yayıb.

“Onlardan hər birinin sərvəti ən azı 50 milyard dollar qiymətləndirilir. Artıq ultra-zəngin insanların yeni kateqoriyası – super-milyarderlərin meydana çıxmasından danışmaq olar. Bu siyahı üçün dünyanın hər yerindən 24 nəfər müəyyənləşdirilib. “SpeysX”, “Tesla” və X şirkətlərinin rəhbəri İlon Mask 419,4 milyard dollar sərvəti ilə reytinqdə birinci yeri tutub. Onun ardınca “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos (263,8 milyard dollar), LVMH-nin sahibi Bernar Arno (238,9 milyard dollar), “Oracle” texnoloji şirkətinin rəhbəri Larri Ellison (237 milyard dollar) və “Meta” korporasiyasının baş direktoru Mark Zukerberq (220,8 milyard dollar) gəlir”, – qeyd olunur.

Ümumilikdə dünyanın 24 ən varlı adamının payı 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə oluna bilər.