!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın “yolayrıcı”: Avropa ABŞ-la rəqabətdə “yeni sürət”ə keçir

!Reklam – Yazi

ABŞ-ın Avropadakı müttəfiqlərinin maraqlarını tapdalamaqda davam etməsi “Köhnə dünya”nı hərəkətə gətirib.

Son günlərdə Almaniya və Fransalı nazirlərin ABŞ-ın diqtəsindən xilas olmağın vacibliyinə dair bəyanatları Avropa İttifaqının bu aparıcı ölkələrinin Vaşinqtondan gələn təzyiqlərə qarşı müqavimətin təşkili kimi qiymətləndirilir.
Açıq görünür ki, Donald Tramp administrasiyasının Ağ Evin istənilən addımının dəstəklənməsi və təkrarlanması tələbi Berlin və Parisin səbrini daşırıb. Hər halda, Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mayre ilə Almaniyanın xarici işlər naziri Hayko Maasın “Avropanın vassallıqdan çıxmasının vacibliyi” haqda söylədikləri ABŞ əleyhinə yeni və daha mütəşəkkil cəbhənin formalaşdırılması anlamına gəlir.

Fransa prezidenti Emanuel Makronun ötən gün Danimarkanın paytaxtı Kopenhagendə səsləndirdiyi fikirlər isə adları çəkilən nazirlərin antiAmerika bəyanatlarının heç də “özfəaliyyət”in nəticəsi olmadığını təsdiqləyir.

Makron ABŞ-ın Avropaya yönəlik təzyiqlərini nəzərdə tutaraq, qitənin bu vəziyyətdən çıxması üçün təcili addımlar atılmasının zəruriliyinə toxunub:

“Dünya yolayrıcındadır. Avropaya yeni sürət qazandırmaq üçün qərar verməsək, necə olacaq? Böyük ölkələr və şirkətlər bizim yerimizə qərar verəcəklər”.

Fransa prezidenti ilə görüşən Danimarkanın baş naziri Lars Lökke Rasmussen də Makronun fikirlərini davam etdirərək, “Öz təhlükəsizliyimizi təmin etmək üçün məsuliyyətimizi artırmalıyıq”, – deyib.

Avropa ölkələrinin liderləri qitənin ABŞ-ın diqtəsindən azad olmasının vacibliyinə dair cəlbedici bəyanatlar versələr də, bu məsələnin reallıq dərəcəsi haqqında birmənalı rəy bildirmək asan deyil. ABŞ və Avropa arasında bağların bəzi nöqtələrdə qırılmaz vəziyyətə gəlməsi bu durumun dəyişməsi ehtimalını sual altına salır.

Avropa İttifaqı ölkələri rəsmilərinin ABŞ-a yönəlik bəyanatlarının praktik davamı olub-olmayacağını Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadənin fikrincə, “Köhnə dünya”nın Amerikadan çoxtərəfli asılılığı hələ ki buna imkan vermir.

Zərdüşt Əlizadə hesab edir ki, ABŞ rəhbərliyi Avropadakı müttəfiqlərinin mövqeyini qismən də olsa, nəzərə almalıdır:

“Sizə bir məqamı xatırladım, Donald Tramp prezident seçildikdən sonra ilk bəyanatı bundan ibarət oldu ki, onun əsas məqsədi ABŞ-ın maraqlarını maksimum qaydada təmin etməkdir.

Trampın prezident kimi fəaliyyətinin əsasını da məhz həmin bəyanatdakı tezis tutur. Ancaq əlbəttə ki, yalnız Amerikanın maraqlarının təmin olunmasına istiqamətlənmiş siyasət ABŞ-ın rəqibləri ilə yanaşı, müttəfiqlərinin də mənafelərinə toxunur.

Onlar da bir müddət buna qarşı səslərini çıxarmasalar da, artıq danışmağa başlayıblar. Mən o fikirdə deyiləm ki, Almaniya və Fransa başda olmaqla, Avropa ölkələri Amerikaya qarşı cəbhə aça bilərlər – buna onların imkanı yoxdur.

Çünki onilliklər ərzində yürüdülmüş siyasət nəticəsində Avropanın Amerikadan çox böyük asılılığı yaranıb. Yəni ABŞ-ın yardımları və dəstəyi olmasa, Avropanın vəziyyəti kifayət qədər mürəkkəbləşər. Bunu Berlində də, Parisdə də çox yaxşı başa düşürlər. Ona görə də Avropanın ABŞ-a qarşı cəbhə açması ağılsız adamın öz oturduğu budağı baltalamasına bərabər hərəkət olardı.

Avropa İttifaqının aparıcı ölkələrinin nazirləri, ötən gün isə Fransa prezidenti Makronun verdiyi bəyanat ABŞ-ın diqqətini bu narahatlığa yönəltmək məqsədi daşıyır. Mən inanmıram ki, Almaniya və Fransa ABŞ-ın birtərəfli siyasətdən imtina etməsi üçün Rusiya ilə yaxınlaşsın. Belə bir hal gözlənilnmir.

Bir daha deyirəm, Avropadan səslənən etiraz bəyanatları Trampın diqqətini bu narazılığa yönəltmək məqsədi daşıyır. ABŞ rəhbərliyi sözsüz ki, Avropadakı müttəfiqlərinin mövqeyini qismən də olsa, nəzərə almalıdır. Bunu edib-etməyəcəyi isə artıq başqa məsələdir”.

A.Zeynalov

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv