Azərbaycan televiziya məkanında ilk dəfə oaraq “Xəzər TV”-nin efirində yapon kinematoqrafçılarının ərsəyə gətirdiyi “Naoki Hanzava” serialının yayımına başlayıb.
Xezerxeber.az xəbər verir ki, “Xəzər Media Mərkəzi”nin mətbuat xidmətindən verilən məlumata görə, serial uğurlu bank işçisinin həyat hekayəsindən bəhs edir. Daim irəli gedən gəncin əslində planları başqadır: o atasının intiqamını almaq istəyir. Dünyaşöhrətli bir serialın Azərbaycan teleməkanında efirə çıxmasının tamaşaçıların da ürəyincə olacağına ümid edilir. Ağlasığmaz zəka oyunları, həyəcanlı, mübahisə və mübarizə hissələri ilə bol “Naoki Hanzava” serialı Yaponiyada reytinq fenomenidir.
Bu il Azərbaycan – Yaponiya diplomatik münasibətlərinin 30 illik yubileyidir və bu münasibətlə bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı ətraflı məlumat verən “Xəzər TV” Baş prodüseri Toğrul Məmmədov bildirib ki, Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq müqavilə və lisenziya əsasında həyata keçirilir: “Yaponiyada lisenziyalar dövlət qurumunda olur və “Japan Foundation” şirkəti bu lisenziyanı o qurumdan 3 illik “Xəzər Media Mərkəzi”nə verilməsini təmin edib. Bu ilin əvvəllərindən isə bizə göndərilən materialların dublyaj prosesinə başlanılıb”.
Toğrul Məmmədov onu da əlavə edib ki, prosesin asanlaşdırılması üçün “Naoki Hanzava” serialı dilimizə yapon dilindən deyil, ingilis dilindən tərcümə olunub.
Filmin dublyaj prosesi “Xəzər Media Mərkəzi”ndə Azərbaycanın Xalq artisti Sabir Məmmədov, Emin Nəsirli, Ofeliya Novruzqızı, Məsmə Aslanqızı və başqalarının iştirakı ilə həyata keçirilib.
Yaponiyanın Azərbaycandakı Səfirliyindən “Xəzər Media Mərkəzi”nə təqdim olunan filmlərin arasından müasir bank sektoruna uyğunluğu, korporativ münasibət və etik davranışları əks etdirdiyinə görə “Naoki Hanzava”seçilib: “Yaponlar daha çox öz irs və mədəniyyətlərini əks etdirən filmlərə üstünlük verirlər. Biz “Naoki Hanzava” filmini həm də formatının müasir tələblərə uyğun olduğu üçün seçdik”.