Duqinin qızını öldürənlər: “Biz Putini hərbi cinayətkar elan edirik”

Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov bildirib ki, rusiyalı təbliğatçı, “rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı Daryanın qətlinə görə məsuliyyəti özünü “Milli Respublika Ordusu”ndan olan rus partizanları öz üstünə götürüb.

Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ponomaryov bu barədə özünün “YouTube”dakı “Fevral səhəri” kanalının efirində bildirib.

“Bu aksiya, son aylarda Rusiya ərazisində həyata keçirilən bir çox digər partizan hərəkətləri kimi, “Milli Respublika Ordusu” tərəfindən həyata keçirilib”, – o deyib.

Müxalifət lideri “Milli respublika ordusu”nun manifestini oxuyub. Onun tam mətni “Rospartizan” “Telegram” kanalında dərc olunub.

“Biz, rusiyalı fəallar, hərbçilər və siyasətçilər, indi Milli Respublika Ordusunun partizanları və döyüşçüləri, müharibəni qızışdıranları, quldurları və Rusiya xalqlarının zülmkarlarını qanundan kənar elan edirik! Biz prezident Putini hakimiyyəti qəsb edən və Konstitusiyanı ayaq altına atan, slavyan xalqları arasında qardaşlıq müharibəsi alovlandıran, rus əsgərlərini qəti və mənasız ölümə göndərən hərbi cinayətkar elan edirik… Putini bizim tərəfimizdən devliləcək və məhv ediləcək!” – mesajda deyilir.

Manifestdə qeyd olunur ki, partizanların məqsədi “Rusiyanın və onun qonşularının məhvini, xalqımızın sərvətini əmmiş, bu gün ölkə daxilində və xaricində cinayətlər törədən bir ovuc Kreml iş adamlarının fəaliyyətini dayandırmaqdır”.

Partizan “ordusu”nun üzvləri Rusiya hökumətinin və vilayət administrasiyalarının məmurlarını qəsbkarın şəriki elan edərək, onları məhv etməklə hədələyiblər.

Təşkilat həmçinin Rusiya Federasiyası ərazisində hərbi yükləri məhv etməyə hazır olduğunu açıqlayıb. Onlar həmçinin təhlükəsizlik qüvvələrini və hərbçiləri silahlarını yerə qoymağa və Putin rejiminin cinayətkar əmrlərinə əməl etməkdən imtina etməyə çağırıblar.