Durovun həbsində cavabsız qalan sirlər: “Fransa bu dezinformasiyaları gündəmə gətirəcək”

“Pavel Durovun Bakı səfərindən sonra Fransaya getməsi və orada həbs olunmasını versiyaların çoxluğu və rəsmi informasiyaların qıtlığı çərçivəsində kəşfiyyat seyflərindən çıxan dosyelərin nəticələri kimi qiymətləndirərdim”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aqşin Kərimov deyib.


Siyasi təhlilçi “VKontakte” sosial şəbəkəsi ilə yanaşı “Telegram” messencerinin sahibi olan, milyarder Pavel Durovun həbs edilməsi məsələsinə münasibət bildirib.
“Aydındır ki, Pavel Durovun Rusiya Prezidenti Vladimir Putinlə eyni vaxtda Bakıda səfərdə olması adi texniki təsadüf deyildi. Üstəlik, Putinin Bakıda Durovla görüşdən imtina etməsi barədə yayılan məlumatlar mümkün kəşfiyyat sövdələşmələrindəki uğursuzluqla əlaqədar süjetləri qalınlaşdırır. Putinin Durovun əlini sıxmaqdan imtina etməsi Rusiya liderinin düşünülmüş laqeydliyi idi və ehtimal var ki, Putin mümkün görüşün özünə qarşı işləyən propaqanda aparatını qızışdıracağını hesablamışdı”, – deyə o, əlavə edib.
Politoloq əlavə edib ki, bundan əlavə, başqa fokus nöqtəsi də var:
“Durovun həbsi üçün fransızların çoxdan orderi var idi və bunu bilə-bilə Durovun Bakıdan Parisə şəxsi təyyarəsi ilə getməsi bu hekayənin cavabsız qalan sirlərindən biridir. Belə cavabsızlıqların çoxluğu kəşfiyyat rəqabətinin meyarı kimi qiymətləndirilə bilər.
Cavabsızlıq boşluqları daha vacib bir sual yaradır: Durov Bakıdan hansı qənaət və öz qiymətləndirmələrinə əsaslanan dosye ilə Fransaya qayıdıb ki, Paris onu qamarlayıb ələ keçirmək istəyir?”
Mütəxəssis əmindir ki, Durovun həbsi onun Bakı səfərindəki görünməmiş siyasi xarakter qazanmasını xüsusilə aşkar edir:
“Parislə Azərbaycan arasındakı qarışıq və gərgin münasibətləri nəzərə alanda, Fransanın həbsdən Cənubi Qafqazla əlaqədar siyasətində sui-istifadə hallarına yol vermək xəttinin önünü açmaq üçün istifadə edəcəyinə şübhə qalmır. Durova qarşı rəsmi ittihamların hüquqi baxımdan çox nümayişkaranə siyasi motivlərinin olacağını yaxın zamanlarda müşahidə edə bilərik.
Fransanın rəsmi ittihamlarında Durov Ukraynadakı müharibə fonunda mühakimə edilir, lakin mühakimə çərçivəsinin böyüyəcəyi də istisna deyil. Ehtimal edirəm ki, Fransa Durovun həbsindən sonra onun Azərbaycanla “ekstremist və zorakı materialların yayılmasında” əməkdaşlığına dair dezinformasiya əməliyyatlarını gündəmə gətirəcək”.

Rafi Müslümov

COP29