“Telegram”ın təsisçisi Pavel Durov Fransanın “Le Burje” hava limanında saxlanılıb. Durov terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsi kimi cinayətlərdə ittiham olunur.
Dünyada baş verən prosesləri izləyən hər kəs bu ittihamların qondarma olduğunu görə bilər. Yaxın keçmişdə Avropa İtitfaqının Durovdan mesajlaşma platformasının şifrələmə açarlarını almaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı. Durovun həbsinin məhz bununla bağlı olduğuna dair məlumatlar dolaşmaqdadır.
Lakin məsələnin maraqlı tərəfi bundadır ki, onun həbsi dünya ictimaiyyəti tərəfindən səssizliklə qarşılanır.
Fransanın insan hüquqlarına zidd və söz azadlığına qarşı bu davranışına Aİ tərəfindən reaksiya verilməməsi Qərbin əlində bayraq tutduğu “demokratik dəyərlər”in özlərinə düşmən gördükləri dövlətlərə qarşı istifadə etdikləri silah olduğu düşüncəsini formalaşdırır.
Düzdür, “Telegram” platformasında dövlətlərin təhlükəsizliyini təhdid edə biləcək qruplaşmaların mövcudluğu sirr deyil, lakin analoji halların digər sosial media platformalarında da olduğunu unutmaq olmaz. Eyni məntiqlə “X” və “Meta” kimi böyük şirkətlərin rəhbərləri də həbs edilməli, istifadəçilərin şəxsi məlumatlarının sızdırılması, müəyyən siyasi qüvvələrin maraqlarından çıxış edilməsi kimi halların mövcudluğu nəzərə alınaraq qadağalar tətbiq edilməli idi. Lakin tərəfli Qərbin öz mənafeyi uğrunda öz “bayraq”larına belə xəyanət etməsi artıq təəccüblü deyil.
Başqa dövlətlərdə bu hadisənin yüzdə birini ehtiva edən hal yaşandıqda hücuma keçən Qərb – Avropa İtitfaqı, ABŞ Dövlət Departamenti hər zaman olduğu kimi, susmağı üstün tutur. Özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməyən Qərbin hansı bir ölkədə bu kimi hadisələrə demokratiya və insan hüquqları baxımından münasibət bildirməsi isə öyrəşilmiş ikili standartdan başqa bir şey deyil. Durovun həbsi bunu bir daha sübut etdi.