Dürüst prokuror, el adamı – Telman Zülfüqarov yazır

Hər il oktyabr ayının 1-i ölkədə Prokurorluq orqanlarının peşə bayramı kimi qeyd olunur.

İstər SSRİ dönəmində, istərsə də müstəqillik illərində prokurorluğun işçiləri hər zaman işlərinə məsuliyyətli yanaşmaları, davranışları ilə hüquq-mühafizə orqanları arasında seçiliblər.

Bütöv bir orqanın şərəfli  yol keçməsi özlüyündə bir məktəbdir və bu məktəbi yaradanları peşə bayramında xatırlamaq, onların ruhunu ehtiramla yada salmaq, bu yolun indiki davamçıları üçün də bir borcdur. Bu məktəbi yaradanlardan birinin də Ələddin Sultanov olduğunu desək, yanılmarıq.

Məktəb yaradan prokurorluq orqanlarının əməkdaşları yalnız iş yoldaşları, həmkarları ilə deyil, həm də  xalqla, vətəndaşlarla sıx təmasda olur, ədaləti maksimum dərəcədə qoruyaraq onlara hər cür kömək göstərməyə çalışıblar. Ona görə də prokurorluq işçisi haqqında xalqın nümayəndəsinin fikri,  münasibəti həmin şəxsin həm peşəkarlığını, həm də insanlığını daha aydın təsvir etmiş olur.  Necə deyərlər, insanın ömür payı yer üzü əməllərinin “Yaddaş” kitabıdır. Əbədi yaddaş kitabına isə heç də hər kəsin adı düşmür. Buraya yalnız ömür boyu elədikləri yaxşılıqların, xeyirxah əməllərin, təmənnasız, peşəkar xidmətin nəticəsi olaraq rəhmət duası qazananların adı yazılır – Ələddin Camal oğlu Sultanovun adı kimi!

Ələddin müəllim haqqında xoş xatirələrini danışan bir el adamının fikirlərini çatdırmazdan əvvəl istərdim ki, oxucuda Ələddin Sultanovun peşə yolu haqqında təsəvvür yaransın.

Ələddin Camal oğlu Sultanov 1928-ci il iyul ayının 31-də Gəncə şəhərində anadan olub. 1947-ci ildə orta məktəbi bitirib, həmin ildə də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olub. 1952-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurataq Bərdə rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilib.

 

1956-cı ildən 1967-ci ilin may ayına qədər Bakı şəhərinin Voroşilov (1959-cu ildə ləğv olunub), 26 Bakı Komissarı (indiki Səbail) , Oktyabr rayon (indiki Yasamal) Prokurorluqlarında müstəntiq və prokuror müavini vəzifələrində çalışıb.

1967-ci ilin may ayından 1979-cu ilin sentyabr ayına kimi Mingəçevir şəhər, Lənkəran rayon və Bakı şəhər Lenin (indiki Sabunçu) rayonunun prokuroru vəzifəsində çalışıb.

1979-cu ilin sentyabr ayında Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. 1980-ci ilin yanvar ayından iyul ayına qədər Bakı şəhər prokuroru vəzifəsini icra edib.

21 iyul 1980-ci ildə isə Naxçıvan MSSR-nin prokuroru vəzifəsinə təyin olunub.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 sentyabr 1981-ci il tarixli fərmanı ilə ona 3-cü Dərəcəli Dövlət Ədliyyə Müşaviri (Ədliyyə general-mayoru) rütbəsi verilib. 3 gündən sonra isə Respublika Prokurorunun birinci müavini təyin edilib.

SSRİ Ali Soveti Rəyasət heyətinin 2 may 1982-ci il tarixli fərmanı ilə Ələddin Sultanov “Xalqlar Dostluğu” ordeni ilə təltif olunub.

Mərkəzi hakimiyyətin məkri, erməni fitvası ilə 20 yanvar 1987-ci ildə tutduğu vəzifədən azad edilib.

1987-1998-ci illərdə Respublika Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların təkmilləşdirilməsi İnstitutunda, Respublika Prokurorluğunda, Bakı şəhər İcra Hakimiyyətində müxtəlif rəhbər vəzifələrdə işləyib.

1998-ci il iyul ayının 14-də Milli Məclisdə Azərbaycan Prezidenti Heydər Əliyevin təqdimatı ilə Respublika Konstitusiya Məhkəməsinin hakimi seçilib.

12 iyul 2003-cü ildə “Tərəqqi” medalına, 31 iyul 2008-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

***

 

Bir gün mənə zəng gəldi. Zəng edən Lənkəran Mərkəzi Xəstəxanasının ali dərəcəli həkim-cərrahı Nəsirağa Rzayev idi. Ələddin Sultanovun həyat yolundan bəhs edən, müəllifi olduğum “Qanuna söykənən ömür” kitabını böyük məhəbbətlə oxuduğunu, onunla bağlı qəlbində unudulmaz xatirələrin yaşadığını, lənkəranlıların bu gün də onu minnətdarlıqla xatırladıqlarını bildirirdi.

Vaxtilə Ələddin müəllimlə, ömür-gün yoldaşı Sona xanımla, onların övladları ilə etdiyim söhbətlərdən Lənkəranda yaşadıqları dövrün onlar üçün necə əziz olduğunu yaxşı bilirdim. Lənkərana getmək qərarına gəldim. 2021-ci il sentyabr ayının 22-də isə Nəsirağa həkimlə şəhərin mərkəzində yerləşən, səliqəli, zövqlə tərtib edilmiş həyətində – günəşli, ilıq bir payız günündə həmsöhbət olduq.

Nəsirağa həkim maraqlı bir şəxsiyyətdir. Babası Hacı Nəsir cənub bölgəsinin ən varlı adamlarından biri – böyük mal-mülk və nüfuz sahibi olub. Bu gün Lənkəran şəhərində adına küçə var. Var-dövləti, xeyirxahlığı ilə ad-san qazanan Hacı Nəsir ağanın Hacı Zeynalabdin Tağıyevlə yaxın dostluğu olub.

Onu da deyim ki, Nəsirağa həkim həm də olduqca maraqlı müsahibdir. Görüşümüzə isə məxsusi hazırlaşmışdı. Bütün şəxsi arxivi təsnifatlara bölünüb səliqə ilə uzun masanın üstünə yığılmışdı.

Ələddin müəllimlə bağlı kitablardan, jurnallardan, şəkillərdən, ötən əsrin 70-ci illərindən üzü bəri qəzet materiallarından ibarət olan qalın bir qovluq diqqətimi xüsusilə cəlb edir.

 – Həkim, 50 ilə yaxın dostluq etdiyiniz Azərbaycanda hüquq sahəsinin ən sanballı nümayəndəlirndən biri, ədalətli prokuror və müdrik hakim olmuş Ələddin Sultanov barədə fikirlərinizi prokurorluq işçilərinin peşə bayramı ərəfəsində oxucularımızla bölüşməyinizi Sizdən rica edirəm.

– Həyatım boyu çox ağır, gərgin anlarla üzləşmişəm, etdiyim cərrahiyə əməliyyatları zamanı xəstənin ölüm, ya qalım vəziyyəti ilə rastlaşmışam. Heç vaxt özümü itirməmişəm, əllərim əsməyib. Ancaq Ələddin Sultanov haqqında danışmaq böyük məsuliyyətdir. Onun haqqında keçmiş zamanda danışmağın, düşünməyin nə qədər ağır, acı olduğunu təsəvvür etmək çox çətindir. Mən onun Lənkəranda xalq arasında necə sevildiyinin, nə qədər böyük və səmimi məhəbbət qazandığının canlı şahidiyəm.

Söz vaxtına çəkər. Ələddin müəllim 1970-ci ilin sentbir ayında Lənkəran rayon-şəhər prokuroru vəzifəsinə təyin ediləndə, o vaxt əksər rayonlarda olduğu kimi, keçmiş rəhbərlikdən dözülməz vəziyyət miras qalmışdı. Respublikaya yenicə rəhbərliyə gəlmiş  mərhum Heydər Əliyev hər sahədə olduğu kimi, prokurorluq orqanlarında da ciddi kadr dəyişiklikləri edirdi. Rayonlarda dövlətin vəsaiti mənimsənilmiş, ağır cinayətlər törədilmiş, mafioz qüvvələr dərin kök salmışdılar. Hesabatlarda rəqəmləri şişirtmək, tərəvəzin keyfiyyət göstəricisini süni surətdə aşağı salmaq, oğurluq, adamları pulla ələ almaq və rüşvətxorluq adi hala çevrilmişdi. Rayonda özbaşınalıq hökm sürürdü. Bir tərəfdən də “donos”ların, imzasız məktubların ardı-arası kəsilmirdi. Rayonda xüsusi adamlar peyda olmuşdular. Onlar tələblərini yerinə yetirməyən rəhbər işçiləri, imkanlı adamları şantaj edir və bu yolla istədikləırinə də nail olurdular.

Belə bir vəziyyətdə Ələddin müəllim rayona prokuror təyin edildi. Ariflər yaxşı deyiblər ki, insanın kamalı gözündən, səmimiyyəti üzündən, kişiliyi sözündən oxunur. Ələddin müəllim məhz bu keyfiyyətləri ilə yaddaşıma həkk olunub. Elə “donos”lardan biri də mənim haqqımda yazılmışdı. Detallarına varmadan deyim ki, məhz Ələddin müəllimin işə obyektiv yanaşması nəticəsində yazılanların yalan və böhtan olduğu müəyyən edildi.

Ələddin müəllim Lənkəranda 7 il işlədi. Bir prokuror kimi onun təşkilatçılıq qabiliyyətinə heyran olmamaq mümkün deyildi. O, xalqın mülkiyyətini dağıdanlara qarşı hədsiz dərəcədə barışmaz mövqe tutub. Rayonun sovxozlarında arxasında küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsi duran saxta tərəvəz “pripiska”larının üstünü səriştə və ustadlıqla açırdı. Fəhlənin halal əmək haqqını mənimsəyənləri qanunun sərt gücü ilə cəzalandırırdı.

Qanunlara böyük həssaslıqla yanaşması və tətbiq etməsi, kristal saflığı, təvazökarlığı, zəngin nəzəri və praktik biliyi, yüksək təşkilatçılıq bacarığı, insanpərvərliyi, gözütoxluğu, qibtəediləcək nitq mədəniyyəti və yaraşıqlı xarici görünüşü onu Lənkəranlılara çox sevdirmişdi.

Cəza verdiyi, hökm oxutduğu insanlar da ondan incimirdilər. Hətta cəzalarını çəkib həbsdən çıxdıqdan sonra gəlib onunla görüşürdülər. Çünki bilirdilər ki, nahaq yerə tutulmayıblar.

1977-ci ilin mart ayında Ələddin müəllim Bakının Lenin (Sabunçu) rayonuna prokuror göndərildi. Onun rayondan yola salınması möhtəşəm mənzərə idi. Mən nə o vaxta qədər, nə də ondan sonra Lənkəranda elə təntənə görməmişəm. Görüşə gələnlərin sayı-hesabı yox idi. Böyük bir maşın karvanı Biləsuvara qədər onu yola salmışdı. Bax, əsl xalq məhəbbəti budur!

Ələddin Sultanov haqqında həmkarları da, onu tanıyan başqa vəzifəli şəxslər də hörmətlə danışar, necə bir peşəkar prokuror olmasını sübut edən faktlar, tarixi əhvalatlar, istintaq işləri barədə söhbətlər edə bilərdilər. Amma sadə vətəndaşın xatirəsi ona görə yerinə düşür ki, bu gün sıravi və rəhbər orqanlarda çalışan hər kəs bilməlidir ki, həyatın mənası özündən sonra məhz xalqın qəlbində daim hörmətlə yad olunmaqdır. Ələddin müəllim bir ildir ki, dünyasını dəyişib. O, cismən aramızda olmasa da, ruhən həmişə onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Ələddin müəllimi yad etməyimizlə bərabər, fürsətdən istifadə edib ölkənin prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edirik.

Telman Zülfüqarov – yazıçı-publisist

Bakı – Lənkəran – Bakı

22-23 sentyabr 2021-ci il