!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Düşmən əhatəsində qılınan namaz və doğmaların linçi…

!Reklam – Yazi

Sosial şəbəkələrdə indi də Əflatun Amaşovu “linç” edirlər. Səbəbini bir çoxları bilir. Bilməyənlər üçün yazaq. Deputat, Mətbuat Şurasının sədri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) İrəvanda keçirilən 52-ci plenar sessiyasında iştirak edib. Təbii ki, Azərbaycanın nümayəndə heyətinin tərkibində.

Bir sıra sosial şəbəkə istifadəçiləri deyir bu, Azərbaycana xəyanətdir, gərək Amaşov daxil, azərbaycanlı deputatlar Ermənistana getməyəydi. Digərləri isə Ə.Amaşovun qarşısında Azərbaycan bayrağının tərs asıldığını iddia edib onu rəsmən terror edirlər. Sanki Hüseyn Cavidin diliylə desək, “cümlə xəyanətlərə bais” məhz cənab Amaşov imiş. Bir çoxları az qalır desinlər ki, Ə.Amaşov bayrağı çevirib düz üzünə assa, torpaqlarımız da işğaldan azad olunardı. Lakin etməyib. Bəlkə də biriləri rayonlarımızın işğalının əsas səbəbini həmin tərs qoyulmuş bayrağımızda axtarırlar.

Düzdür, artıq MŞ sədri ünvanına səsləndirilən ittihamları cavablandırıb. Əflatun bəy “bohtandır, iftiradır, təqdim edilən şəkil montajdir!” yazıb. Bildirib ki, hansı beynəlxalq tədbirə yollanırsa, özü ilə ehtiyat üçün bayrağımızı da götürür. İrəvan səfərində də ənənəsinə sadiq qalıb. Ə.Amaşov bu dəfə də təmkinini pozmayıb və “sadəcə pıçıldayıram: ayıb olsun!” yazıb.

Əslində bununla bitirmək olardı və heç Əflatun Amaşovun bizim müdafiəmizə də ehtiyacı yoxdur. Millət vəkilidir, deputat tribunası var, istədiyi zaman sözünü deyə bilər. Amma bir az da insaflı, ədalətli olmaq lazımdır.

Lap deyək ki, İrəvandakı konfransda bayrağımızı tərsə qoyublar. Düşmən ölkədir, başqa nə gözləməliyik? Hətta təkcə Ermənistanda yox, digər ölkələrdə keçirilən tədbirlərdə də buna bənzər hadisələr olub. Bəli, hər bir Azərbaycan vətəndaşının borcudur ki, dövlətimizin simvollarına münasibətdə həssas davransın. Amma bu məsələ ilə bağlı özü ilə xarici səfərlərdə bayraq daşıyan Ə.Amaşovu “linç” etmək, onu “xəyantdə” suçlamaq ən azı ədalətsizlikdir. Bir anlıq təsəvvür edin ki, düşmən ölkədəsiniz və ətrafınızdakı bir neçə qonşu dövlətlərin parlamentarlarını çıxmaq şərtilə, digərləri düşmən nəzərlərdir, üzərinizə dikilib. Oradakı fərqli atmosferi göz önünə gətirin və ittiham edin!

Deyə bilərsiniz ki, niyə bu heyət Azərbaycan ərazilərini işğalda saxlayan ölkənin paytaxtına gedib və belə bir çətin ittihamlarla üzləşib? Necə ki, bir çoxları İrəvana səfər edənləri “xain” elan edirlər. Dostlar, bu, bir dövlət tapşırığıdır. Ə.Amaşov, yaxud Eldar Quliyev İrəvana gəzməyə, turist səfərinə getməyiblər. Onlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanı təmsil ediblər. Bu təmsilçilik barədə qərar da dövlətə məxsusdur.

Bu sessiyada iştirak həm də ona görə əhəmiyyətliydi ki, quruma sədrlik Azərbaycana keçirdi. Təsəvvür edin, rotasiya qaydasında sədrlik sənin ölkənə çatır, amma sən PA-nın sessiyasına qatılmırsan. O halda erməni qəzetləri bizim deputatlar haqqında “qorxdular, gəlmədilər” yazmazdımı? Bu təşkilatda Ermənistan var deyə, onun iclaslarına qatılmaq da mənasız addım olardı.

Adamı heyrətləndirən nədir? Əslində azərbaycanlı deputatlar Ermənistan paytaxtında erməniləri pis vəziyyətdə qoydular. Bilirsiniz, söhbət nədən gedir?

Sessiyaya ev sahibliyi edən Ermənistan istəyirdi ki, bizim deputatların döşünə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 25 illiyi münasibətilə yubiley medalını taxsın. Amma bizim deputatlar nümayişkaranə şəkildə bu təltifdən imtina ediblər. Türkiyə və Gürcüstan nümayəndə heyətləri də eyni mövqedən çıxış edib. Müttəfiq Ukraynanın nümayəndəsi isə iclasa qatılmasa belə, yazılı formada imtinasını açıqlayıb. Belə olan halda Ermənistan ancaq özü-özünə (!) medal verməli olub, gülməlidir, deyilmi?

İndi görün, bu sessiya çərçivəsində pis vəziyyətdə qalan kim və ya kimlərdir? Erməninin əlindən simvolik də olsa, medal almaqdan imtina edən deputatlarımıza təşəkkür etmək əvəzinə, niyə onlara “xain” damğası vururuq?!

Təsəvvür edin, QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev deyib ki, bundan faciə düzəltmək lazım deyil. Belə ki, Ermənistan parlamentinin spikeri Ara Babloyan da onun fikirləri ilə razılaşıb. Bildirilib ki, İrəvanda imtina qərarı verənlər medalları yaxın zamanlardakı iclaslarda, o cümlədən Bakıda ala bilərlər. Belə olan halda niyə Milli Məclis üzvlərinin üstünə gedirik? Ermənistan rəhbərliyini pərt etdiyinə görəmi?..

Bir para insanlar da Ə.Amaşovu İrəvandakı Göy məscidə getdiyinə görə ittiham edir. Guya ki, bununla Amaşov ermənilərin vandal, qaniçən obrazını dəyişdirməyə (?-E.P.) çalışıb. Əcaib yanaşmadır. Sanki Amaşov Xocalı soyqırımını danıb, ya deyib Malıbəyli faciəsini ermənilər törətməyib, Ağdam məscidini dağıdan Ermənistan ordusu olmayıb.

Ə.Amaşovun nə qədər dövlətçi və millətsevər olduğunu onu yaxından tanıyanlar yaxşı bilir. Eyni zamanda onun qan yaddaşımıza, tariximizə bağlılığı da faktdır. İrəvana gedib babalarımıza məxsus Göy Məscidə baş çəkməkdə heç bir qəbahət yoxdur.

Erməni deputatlar Bakıya gələndə getdikləri ilk ünvan erməni kilsəsi olmadımı? Onlar hətta özlərinə məxsus olmayanlara iddia edirlər, biz niyə özümüzünkü olanı unudaq? İrəvandakı Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Azərbaycanlıların ibadət yeri olan 8 məsciddən biri, 24 metrlik 4 minarəsindən 3-ü dağıdılan, iki dəfə yandırılan, başı müsibətlər çəkən məscidimiz. Düzdür, onu İran dövləti təmir edib. Amma bu gün Ermənistanda məscidin axundu qoymağa bir nəfər müsəlman tapa bilməyiblər, hansısa Vazgenə tapşırıblar. Əslində bu fakt Ermənistanın monomillət yaratmasının əyani sübutudur.

Ora gedib də ermənini ifşa etməyin nəyi pisdir?

Əgər bizim deputat ora getməsəydi, ermənilər deyərdilər baxın, deyirlər İrəvan bizim şəhərdir, amma burda oldular, heç olmasa məscidlərinə baş çəkmədilər. Ə.Amaşov isə məscidi ziyarət edib, üstəlik orda namaz qılıb! Bəli, sizə təəccüblü gəlməsin, Əflatun bəy Milli Məclisin sonuncu iclas günündə bu barədə şəxsən mənə danışdı, dedi ilk dəfə İrəvan məscidində namaz qılıb, Azərbaycanımız üçün, tarixi torpaqlarımızın azad olunması üçün bu müqəddəs ünvanda Tanrıya əl açıb, dualar edib. Hətta namaz qıldığı anı əks etdirən fotosunu da göstərdi.

Fotoya baxdım və qəribə hisslər keçirdim. Düşündüm, görəsən, sonuncu dəfə düşmən girovluğundakı bu Allah evində hansı azərbaycanlı namaz qılıb? Yəqin ki, ən azı 30 ildir ora ayaq basıb ibadət edənimiz olmayıb. Amma Əflatun Amaşov İrəvan məscidində namaz qılan ilk deputatımızdır! Bununla dünyaya bir daha “İrəvan tarixi Azərbaycan ərazisidir”-mesajını verib.

Vətəninə, torpağına bağlı olan, düşmən əhatəsində də tarixi şəhərimizdəki bəlkə də yeganə tarixi ünvanda Allaha əl açıb Azərbaycan üçün dualar edən bir insanı niyə peşman edirik? Fərqindəsinizmi?!/Müsavat/

www.yenicag.az

2797
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv