Erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri sıradan çıxarılır – YENİLƏNDİ + VİDEO

Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti təxribatının qarşısı alınıb. 

Belə ki, Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə quraşdırdığı texniki müşahidə və dinləmə vasitələrinin hərbçilərimiz tərəfindən sıradan çıxarılmasının görüntüləri yayılıb:

***

11:42

Qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri sıradan çıxarılır.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.
Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.
Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

***

10:06

Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Bundan başqa, avqustun 22-si saat 06:15-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.