Düzgün informasiyaya GEDƏN YOL: “Maarifləndirmə işlərinin davam etdirilməsi zəruridir”

Müasir dövrdə media təkcə informasiya yaymaq aləti deyil, həm də cəmiyyətin sosial, mədəni və iqtisadi inkişafına birbaşa təsir edən mühüm bir platformadır. Hər kəsin mediaya asanlıqla çıxışı olduğu bir zamanda media savadlılığının artırılması həm fərdlərin düzgün məlumat almasını təmin edir, həm də cəmiyyəti dezinformasiya təhlükəsindən qoruyur. Bu isə yalnız jurnalistlərin deyil, eyni zamanda sıravi vətəndaşların da media ilə düzgün və effektiv davranışını tələb edir. Odur ki, media savadlılığı, sadəcə, məlumatları anlamaq deyil, onları analiz etmək, qiymətləndirmək və düzgün şəkildə istifadə etmək bacarığını da ehtiva edir.

Yenicag.az-a açıqlamasında tanınmış jurnalist, media eksperti Azər Həsrət bildirib ki, media savadlılığı günümüzün vacib tələblərindən biridir:

“Çünki bu gün media hər kəs üçün əlçatandır. Bu sahədə peşəkarlığı, yetərli savadı və təcrübəsi olan insanlar mediadan düzgün şəkildə istifadə edərək, manipulyasiyalara qarşı daha davamlı olurlar. Lakin nəzərə almaq lazımdır ki, media artıq yalnız bir zümrənin məşğuliyyət sahəsi deyil, hər kəsin həyatının bir parçasıdır. Bu səbəbdən media savadlılığının artırılması geniş əhali kütlələri üçün prioritet məsələyə çevrilməlidir”.

Onun sözlərinə görə, mediadan düzgün istifadə edə bilmələri üçün insanlara nələri öyrənməli olduqlarını izah etmək lazımdır:

“Şübhəsiz ki, media sahəsində ən peşəkarlar jurnalistlərdir və onların da bilik və bacarıqlarını daim artırmaları vacibdir. Lakin jurnalistlər bu prosesdə artıq təcrübəli olduqları üçün burada əsas diqqət mediadan istifadə edən, lakin bu sahədə peşəkar olmayan geniş auditoriyaya yönəlməlidir. Mediadan düzgün istifadə etməyi öyrətmək məqsədilə minimum biliklər və praktiki metodlar təklif olunmalıdır. Bunun üçün müxtəlif platformalar vasitəsilə təlimlər, seminarlar, canlı görüşlər və təcrübə mübadilələri təşkil edilməlidir. Məsələn, televiziya və radio kanalları, sosial media platformaları və hətta yerli icmalar səviyyəsində görüşlər bu prosesdə mühüm rol oynaya bilər”.

“Əvvəlki illərdə bu cür metodlar vasitəsilə həyata keçirilmiş tədbirlər uğurlu nəticələr verib. Həm fərdi inkişaf, həm də cəmiyyətin ümumi bilik səviyyəsinin artırılması baxımından belə görüşlər və təcrübə mübadilələri olduqca faydalıdır. Bu gün mediada daha savadlı və bilikli insanların fəaliyyəti o vaxt təməl qoyulmuş bu işlərin müsbət nəticəsidir. Media savadlılığı yalnız fərdlər üçün deyil, bütövlükdə, cəmiyyətin sağlam informasiya mühiti üçün də əsas şərtdir. Buna görə də bu sahədə genişmiqyaslı maarifləndirmə işlərinin davam etdirilməsi zəruridir”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov