Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı havanın yollarda yaratdığı çətinliklərlə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“Ölkə ərazisində hava şəraiti sabitləşsə də, ötən gündən yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də dağlıq və dağətəyi rayonlarda, külək tutan açıq ərazilərdə, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da dəfələrlə artırır.
Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə respublika əhəmiyyətli avtomobil yollarında və digər yaşayış məntəqələrində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, hərəkət iştirakçıları ilə profilaktik söhbətlər aparılır, yolun vəziyyəti barədə onlara məlumat verilir, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan mövcud hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir”.