Bununla bağlı Yenicag.az-a şikayətçi Təhməzov Ziya İsgəndər oğlu məlumat verib.
Ziya Təhməzov bildirib ki, Nizami rayonunun ərazisində, Babək prospektində yol patrul xidmətinin (90 YP 338) əməkdaşları onun maşınını saxlayıblar.
Şikayətçinin sözlərinə görə, bu zaman yol patrul xidmətinin əməkdaşları özlərini təqdim etmədən ondan sənədlərini tələb ediblər:
“Sürücülük vəsiqəmi alan yol polisinin əməkdaşı patrul maşınına getdi. Sürücülük vəsiqəmi geri qaytarmadan maşınıma yaxınlaşdı və əlindəki aparatı göstərərək, içkili olub-olmadığımı yoxlamaq üçün müayinə edilməyimi tələb etdi. Qanuni olmadığını bildiyim halda, bu müayinədən keçdim. Polis əməkdaşı patrul maşınına getdi, sonra yenidən maşınıma tərəf gəldi. İkinci dəfə də müayinə tələb etdilər, yenə heç nə çıxmadı. Bu zaman məni öz maşınlarına dəvət etdilər. Onların maşınlarında oturdum. Maşında bir də müayinə olundum. Bu dəfə isə dövlətin rəsmi təstiq etdiyi yox, öz əllərində olan başqa cihazla müayinə etmək istədilər. Onların əlində olan aparatla müayinə olunmağa etiraz etdim, lisenziya tələb etdim. Onlar lisenziyası olan aparatla yoxlamadan məni həkim müayinəsinə dəvət etdilər. Həkim müayinəsi zamanı da cihazdan etiraz etdim, lisenziya tələb etdim, lisenziyanı mənə təqdim etmədilər. Bu zaman etiraz etdim ki, şübhəliyəmsə, qanımdan analiz götürsünlər. Çünki 3 dəfə yoxladılar, üçündə də spirtli içki içdiyim aşkarlanmadı. Buna görə də heç bir sənədə imza atmadım”.
Şikayətçi bildirir ki, onun iştirakı olmadan maşınını cərimə meydançasına aparıblar:
“Məni həkim müayinəsinə gətirdilər, orada da qoydular ki, bundan sonra sən bizə lazım deyilsən, maşını evakuator aparacaq. Mənim maşınım da açıq idi, içində də sənədlər və pulum vardı. Bu nə özbaşınalıqdır, anlamıram”.
Qeyd edək ki, Ziya Təhməzov yaranmış vəziyyətlə bağlı DİN-in 102 qaynar xəttinə məlumat verib.
Şikayətçi həkim müayinəsində olarkən baş verənləri videogörüntüyə alıb.
Həmin görüntüləri təqdim edirik:
Səxavət Məmməd