Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçilərə çağırış edib.
Bu barədə Yenıcag.az-a idarədən məlumat verilib.
Bildirilib ki, respublikamızın və paytaxtın avtomobil yollarında velosipedçilər yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Velosipedçilərin avtomobil yolunun hərəkət hissəsində düzgün olmayan hərəkətləri təhlükə yaradır, qəza riskini artırır.
“Yollarda xüsusi velosiped zolaqları olmadıqda velosipedçilər yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidirlər. Velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə yolun hərəkət hissəsində xaotik hərəkətlərdən çəkinməlidirlər.
Diqqətə çatdırırıq ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarına ciddi riayət edilməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliklərinə məsuliyyətlə yanaşmalıdırlar. Qaydalara əməl etməyən velosipedçilər qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar”, – deyə qurumdan məlumat verilib.