Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarənin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə müşahidə olunan küləkli havanın axşamadək davam edəcəyi, arabir güclənəcəyi gözlənilir”.
İdarə küləkli havanın bir neçə gün əvvəl yağan qarın yollarda yaratdığı əlverişsiz şəraitə mənfi təsirini nəzərə alaraq, hərəkət iştirakçılarına diqqətli olmağı, axşam saatlarında yolların buz bağlama ehtimalını unutmamağı, nəqliyyat vasitələrini sürüşmə ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı xahiş edir.
Müraciətdə avtomobilləri park edərkən qapalı məkanlara üstünlük verilməsi, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücülərinə daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməsi tövsiyə olunur.