!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əbülfəz Elçibəyin 80 illiyi qeyd edildi - FOTO

!Reklam – Yazi

Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyi münasibəti ilə ADR hərəkatının təşkilatçılığı ilə konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, konfransda VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı, Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Demokratik və Rifah Hərəkatının sədri Qubad İbadoğlu, Vurğun Əyyub və ölkənin ictimai və siyasi xadimləri iştirak edib.

ADR hərəkatının sədri Qubad İbadoğlu konfransı açaraq bildirib ki, bu günkü tədbirin iştirakçılarına nəzər saldıqda tərkibin çox müxtəlif olduğunu görürük. Elə Elçibəyin özü də müxtəlifliyi sevirdi.

Qubad İbadoğlu qeyd edib ki, Əbülfəz Elçibəy təkcə ölkə prezidenti, partiya sədri deyildi:

“O Milli Azadlıq hərəkatını keçmiş, siyasi proseslərdən çıxmış adam idi. Ancaq bununla yanaşı o həm də, sadə bir insan idi və ölümünə qədər təmənnasız yaşadı”.

Qubad İbadoğludan sonra “XX əsrin sonlarında milli ideolji mübarizənin Elçibəy formulu” mövzusunda “Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi” İctimai birliyinin sədri Anar Əsədli çıxış edib.

Anar Əsədli çıxışında bildirib ki, Elçibəy şəxsiyyətinə münasibət birmənalı olmayıb:

“Onu sevənlər də, sevməyənlər də olub. Elçibəy özü çıxışında deyirdi ki, inqilabdan sonra gələn prezidenti bir il sonra yıxacaqlar. O istəsə rəqiblərini əzərdi, ancaq böyük demokrat olduğu üçün bunu etmirdi. Bu yolda məğlub olmağını da göz önünə almışdı və oldu da. Elçibəy siyasi mübarizə ilə yanaşı ideoloji mübarizəyə qol qoydu. O bilirdi ki, onu xəyalpərəstlikdə ittiham edəcəkdilər və buna dözürdü də. O siyasi proseslərin qızğın getdiyi bir zamanda turançılıq, türkçülük ideologiyasını ortaya atmışdı. O Kələkidən gəldikdən sonra Bütöv Azərbaycan Birliyini yaratdı və mübarizəyə başladı. O bütün diqqətini yanına yığdığı intellektual gəncliyə ayırmışdı və onlara inanırdı. Əbülfəz bəyin ölümündən sonra Bütöv Azərbacan Birliyini idarə edəcək lider olmadı. Ona görə də, birlik dağılmağa məhkum oldu. Bəziləri deyir ki, Elçibəy xalqı kor-koranə sevirdi. Onu bununla ittiham edəndə deyirdi ki, Fransadan xalq gətirib sevəsi deyiləm ki”.

Sabir Rüstəmxanlı çıxışına etirazla başlayaraq bildirib ki, mediamızın bu tədbirə nə üçün diqqət ayırmadığını anlamaq mümkün deyil:

“Elçibəyin yubileyi ciddi məsələdir və onun yolunu qorumalıyıq. Onu qoruya bilməsək, tariximizin əsas hissəsi məhv olmuş olacaq. Elçibəy haqqında danışmaq Azərbaycanın milli kimliyi haqqında danışmaq kimidir. Elçibəy azadlıq və müstəqillik simvoludur. Bütöv Azərbaycan sevdası həmişə yazıçıların ürəyində olub”.

Sabir Rüstəmxanlıdan sonra söz Cəmil Həsənliyə verilib.

Cəmil Həsənli çıxışında bildirib ki, Əbülfəz bəy böyük tarixçi və zialı idi:

“Əbülfəz bəy mənim müəllimim olub. Əbülfəz Elçibəyin Sovet zamanı məhkəməsinin şahidi olmuşam. O sovet vaxtı türkçülük, turançılıq ideologiyası ilə ittiham edilirdi. O əslində arzularına çatdı. SSRİ-ni dağıtmaq, Azərbaycanı Sovetlərdən ayırmaqla ittiham edilirdi və bunları sonradan gördü və önündə getdi. Əminliklə deyim ki, nə qədər Azərbaycan xalqı var, Əbülfəz Elçibəy yaşayacaq”.

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, Əbülfəz Elçibəy tarixdə daim qalacaq:

“Elçibəyin bir illik hakimiyyət dövrü iki hadisə ilə yadda qalıb. Birincisi rus ordusunu Azərbaycandan çıxardı. Burada Vurğun Əyyub oturub. Təhsillə bağlı apardığı islahatların şahidi olub. O ilk dəfə test üsulunu yaratdı. Bütün bunları ondan başqa heç kim bacara bilməzdi. O hakimiyyətə gələndə dövlət büdcəsində pul yox idi. Taxıl almağa pulumuz yox idi. Ona büdcədə pulun olmadığını dedim. Məndən nə etmək lazım olduğunu soruşdu. Dedim Rusiyadan kredit götürmək lazımdır. Məni pul almaq üçün göndərdi. Həmin pulu aldıqdan sonra ölkəyə taxıl aldıq. Sonra Elçibəyə dedim ki, Yeltsinə zəng edib təşəkkür etmək lazımdır. O mənə dedi ki, zəng etməyəcəm, onlar torpaqlarımızı işğal edir. İşğalçı ilə danışmayacam. Əbülfəz Elçibəy barədə xatirələrim çoxdur. Elçibəy Azərbaycan tarixində müsbət şəxsiyyət kimi qalacaq”.

Rüstəm Behrudi dostu Əbülfəz Elçibəy haqqında danışdıqda deyib ki, Elçibəyin Azərbaycanda heykəli yoxdur:

“Əslində elə belə yaxşıdır. Heykəllər uçurdulur. Ancaq Əbülfəz Elçibəy xalqın ürəyində heykəl qoyub. Əmin olun ki, hazırda qoyulan heykəllər hamısı uçacaq”.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev çıxışına başlayarkən qeyd edib ki, bəziləri deyir, Elçibəy prezident olmamalı idi:

“İndiki duruma baxdıqda və sonralar baş verənlərə nəzər yetirdikdə görürük ki, Əbülfəz Elçibəy prezident olmalı idi. Hətta indiki durumda da bizə onun kimi prezident lazımdır”.

Tədbirdə çıxış edən professor Qulu Məhərrəmli deyib ki, onun üçün Əbülfəz Elçibəy mənəviyyat adamı idi:

“Tarix göstərir ki, mənəviyyata söykənən rəhbərlərin hakimiyyəti uzun ömürlü olmur. Elçibəy ideoloq idi. Allahdan ona rəhmət diləyirəm”.

Qeyd edək ki, Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə anadan olub. 22 avqust 2000-ci ildə vəfat edib. Elçibəyin doğumunun 80 illiyi ilə bağlı tədbirlər 24 iyuna qədər davam etdiriləcək.

Səxavət Məmməd

www.yenicag.az

3421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv