Əcnəbilərin Azərbaycanda təhsil almaq qaydaları dəyişdi

Azərbaycan vətəndaşlarının xaricdə təhsil alma imkanları genişləndirilib.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları”nda dəyişiklik edilib.

Qaydalara edilən yeni əlavəyə əsasən, Azərbaycan vətəndaşları xaricdə dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında da təhsil ala biləcəklər.

İndiyədək isə Azərbaycan vətəndaşlarının xaricdə təhsili dövlət proqramları çərçivəsində və beynəlxalq müqavilələr əsasında, Azərbaycanın hüquqi şəxslərinin, xarici ölkələrin və onların təhsil müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüd (tələbələrin təhsil almaları ilə əlaqədar təhsil haqqı, yataqxana, yaşayış xərci və digər xərclərin qarşılanması) və qrantlar əsasında, təhsil müəssisələrinin xarici ölkələrin təhsil müəssisələri ilə bağladığı müqavilələr əsasında, xarici ölkələrin dövlət qurumlarının ayırdıqları kvotalar əsasında həyata keçirilib.

Bununla yanaşı, qaydalara edilən yeni dəyişikliyə uyğun olaraq, “Təhsil haqqında” qanuna əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

Qaydaların əvvəlki variantına görə isə Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi müəssisə və təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.