Əcnəbilərin heyran qaldığı istedada Azərbaycanda sahib çıxan yoxdur – Gənc avtodizaynerdən iddia

Ramil Nəcəfov olduqca istedadlı insandır. Onun hazırladığı avtomobil modelləri barədə çox yazılıb. Lakin bu modellər layihə olaraq, elə kağız üzərində də qalmaqdadır. Amma o, ümidini üzmür. Hazırladığı “Azerant” və “Buta” adlı milli avtomobil brendi ideyasının nə zamansa reallaşacağına əmindir.

– Eşitdiyimizə görə, dövlət qurumlarına, millət vəkillərinə dəfələrlə müraciət etmisən. Doğrudanmı, sənin işinə heç bir maraq göstərmədilər?

– Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, adlarını çəkmədiyim daha neçə instansiyaya müraciət etdim. Millət vəkili Fuad Muradovla görüşdüm. Onun təqdimatına baxmayaraq, Gənclər Fondu mənə heç bir kömək etmədi, amma edə bilərdilər. Mən layihələrimi daha da təkmilləşdirmək üçün bu sahədə ixtisaslaşmalıyam. Bir də hansısa sərgidə mənim işlərimin nümayişi üçün bir köşə ayırmalarını istəmişdim, vəssalam. Ancaq məni başlarından elədilər. Müraciət etdiyim dövlət qurumları isə ümumiyyətlə, reaksiya vermədilər. Sonda bizim Şəki üzrə deputatımız Cavanşir Feyziyevlə görüşmək istədim. Onun köməkçisi məni deputatın qəbuluna salacağını desə də, sonra zənglərimə cavab vermədi. Belə…

– Bəs heç xarici avtoşirkətlərlə əlaqə qurmağa cəhd etdinmi?

– Etdim. İşlərimi ilk dəfə Almaniyanın dünyaşöhrətli “BMW” şirkətinə göndərdim. Mənə yazdıqları cavabda layihələrimin müsbət qiymətləndirildiyini bildirmişdilər. Həm də işlərimi təkmilləşdirmək üçün bəzi proqramları mənimsəməyimi tövsiyə etdilər. Təhsilimi davam etdirmək zərurəti həm də bundan irəli gəlir. Texnologiyanın anbaan inkişaf etdiyi şəraitdə yerində saymaqla nəyəsə nail olmaq olmaz. “BMW”-dən başqa, “Rolls royce” şirkətindən də müsbət cavab almışam. Bilirəm ki, hansı şirkətə yazsam, təhsillə bağlı tələbləri olacaq. Ancaq buna imkanımın olmamağı qarşımı kəsir. Yeri gəlmişkən, Naxçıvan Avtomobil Zavoduna (NAZ) da yazmışdım. Cavab verdilər ki, zavodda başqa model avtomobilin istehsalı nəzərdə tutulmayıb.

– Yaxşı, belə vəziyyətdə nə etməyi düşünürsən?

– Açığı, bu münasibət, bu laqeydlik əlimi işdən soyudur. Fikrimdə çoxlu ideyalar var, işləmək istəyirəm. Ancaq onu da fikirləşirəm ki, kağız üzərində qalan işlər kimə lazımdır? Avtomobildən başqa, milli hərbi təyyarə, hərbi texnika, hətta “profil avtomobilləri” olan layihələrim var. Kompüterimi satandan sonra bu işlərimi dost-tanışın kompüterində saxlayıram. Bilmədiyim proqramlarla bağlı tanış mütəxəssislər mənə kömək edirlər, hər bir modelin animasiya versiyasını da hazırlayırıq. Və ümid edirəm ki, bir gün bu ideyalar xəyallardan çıxıb gerçəkliyə dönəcək. Çünki bilirəm ki, bu cür layihələr Azərbaycana çox lazımdır.

 

A.Zeynalov
Yeniçağ.Az