Ədalətli qərar, yoxsa deputata qarşı qərəz? – “Eyni məsələ davamlı olaraq gündəmə gətirilirsə…”

“Bütün hallarda istər deputat, istərsə də iş adamları öz fəaliyyətlərinə və davranışlarına diqqətlə yanaşmalıdırlar”.

Bu fikirləri Böyük Britaniya məhkəməsinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin Londondakı obyektlərinə həbs qoyması haqda yayılan məlumatlara münasibət bildirən media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bir şəxsin üzərindən eyni məsələnin təkrar-təkrar gündəmə gətirilməsi düşündürücü məqamdır:

“Hər hansı şəxs haqqında eyni məsələ davamlı olaraq gündəmə gətirilirsə, burada artıq qərəz elementlərindən danışa bilərik. Ancaq bütün hallarda istər deputat, istərsə də iş adamları öz fəaliyyətlərinə və davranışlarına diqqətlə yanaşmalıdırlar.

Bu xüsusda deputatlar daha da fərqlənməlidir. Çünki istər-istəməz həm ölkə daxilində, həm də ölkə xaricində əsas diqqət bu şəxslərin üzərində olur. Onlar haqqında tənqidi və neqativ məsələlər barəsində danışılması təbii hal kimi məqbuldur.

Lakin bir şəxsin üzərindən eyni məsələnin təkrar-təkrar gündəmə gətirilməsi artıq başqa nəsnələrdən xəbər verir. Kimlərinsə konkret olaraq Cavanşir Feyziyevi hədəfə aldıqları görünür. O baxımdan, xüsusilə, media bu cür məsələlərdə diqqətli olmalıdır”.

Nəsimi Ələsgərli

COP29