Ədəbi mühitdə davam edən QAYDA: “Hər gün plov, dolma, düşbərə yemək olmaz”

“Hər bir əsər hansısa tozlu kitabxanalarda qorunub saxlanmaq üçün yox, mütləq oxucuya çatmaq üçün yazılmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yazıçıların bir-birini bəyənməməsi və onların ortaya qoyduğu qəddar yanaşma barədə danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

Onun sözlərinə görə, yazı əhli bir-birinə münasibətdə çox qəddar bir yanaşma ortaya qoyur:

“Təlim dövründə tez-tez sənət adamlarını, yazı əhlini tələbələrlə görüşə dəvət edirəm. Mövcud qaydalara görə, hər bir tələbə yazarla görüşə çox diqqətlə hazırlaşmalıdır. Müsahibələrini izləməli, əsərlərini oxumalıdır. Görüşlər çox maraqlı keçir və yaddaqalan olur. Bir problemlə daim rastlaşıram. Yazı əhli bir-birinə münasibətdə çox qəddar bir yanaşma ortaya qoyur. Bir-birini bəyənməmək, digərinin yazdığını pisləmək adi haldır.

Biri deyir, ciddi ədəbiyyat yazıram deyə, kimin məni oxuduğunun heç bir mənası yoxdur, zaman gələr, qiyməti bilinər. Kimsə deyir detektiv yazmaq mənasızdır, nəyə lazımdır axı. Qadın romanları, belletristika da bəzən “qara siyahı”da yer alır. Sosial mediada görüşlər barədə paylaşım edəndə yazı əhli yenə sakit durmur, bir yazar digərini “iynələməkdən” bir növ həzz alır. Deyirlər, ədəbiyyatda “7 yazıçı” qaydası var, yəni ədəbi mühitdə cəmi 7 nəfərə yer var, qalanları mütləq kölgədə qalmağa məhkumdur”.

İ.Rafiqoğlu qeyd edib ki, Azərbaycanın da ədəbi mühitində əməlli-başlı savaş gedir, özü də artıq ad qazanmış yazıçıları tənqid etməklə özünə reytinq qazanmaq istəyənlər də az deyil:

“Düşünürəm, əgər ortada konstruktiv tənqid varsa, bu elə də pis deyil. Sadəcə, “sənət naminə sənət” ideyası, əslində, çox absurddur. Yüksək sənəti, ədəbiyyatı dərindən anlaya bilən çox az adam var. Hətta ən böyük sənət nümunələrini də daim oxumaq olmur, bir gün Çinqiz Aytmatov ya Dostoyevskidən oxudunsa, bir az ara verib detektivə də yer ayırmaq olar. Hər gün plov, dolma, düşbərə yemək olmaz axı. Bunlar bir növ bayram süfrəsində yer alan qidaya aid edilir. Eləcə də hər gün Markesi oxumaq insanın ruhunu yorar. Hər bir əsər hansısa tozlu kitabxanalarda qorunub saxlanmaq üçün yox, mütləq oxucuya çatmaq üçün yazılmalıdır. Əsər oxunursa, deməli ona bir tələbat var. Sənət, ciddi ədəbiyyat terminləri ilə öyünənlərin Kembric universitetinin kitabxanasında saxlanılan 15 milyon kitabın aqibəti ilə maraqlanması pis olmazdı. Onların heç bir faizini elə-belə nəzərdən keçirməyə insan ömrü kifayət etməz”.

İsmayıl Bakuvi

COP29