Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ədliyyə naziri xarici həmkarlarına müraciət etdi

Reklam: Sinerji Pro

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin ədliyyə nazirlərinə rəsmi müraciət ünvanlayıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, müraciətdə 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələri qeyd olunub.

Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığı və Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonunu işğal etdiyi, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib.

Qeyd edilib ki, 1994-cü ildə atəşkəs rejiminə nail olduqdan sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası – ATƏT-in Minsk Qrupu tərəfindən danışıqların aparılmasına baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə davamlı olaraq münaqişənin sülh yolu ilə həllini uzatmış və ona sərf edən status-kvonu davam etdirərək özgə torpaqlarını işğal altında saxlamaqla bu günədək orada qanunsuz iqtisadi fəaliyyət göstərməyi və bu ərazilərin qanunsuz məskunlaşdırmasını həyata keçirir. Bununla da o, kobud şəkildə beynəlxalq hüquq normalarını, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarını pozur.

Eyni zamanda, Ermənistanın hazırkı rəhbərliyinin hakimiyyətə gəldiyi andan açıq-aşkar danışıqlar prosesini pozmağa başlayaraq Dağlıq Qarabağın statusu məsələsinin danışıqların predmeti olmasına  baxmayaraq, hərbi təxribatlara və müharibəyə açıq təhrik edən “Qarabağ Ermənistandır və nöqtə” və “Yeni ərazilər üçün yeni bir müharibə”  şüarları ilə çıxışlar etdiyi vurğulanıb.

Təəssüflə qeyd olunub ki, beynəlxalq ictimaiyyətin heç bir reaksiya göstərməməsi təcavüzkarın əl-qolunu açaraq sərhəd bölgələrində hərbi təxribatları intensivləşdirib.

Müraciətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırması qeyd olunub.

Hadisələrin pik həddi isə, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və ən dəhşətlisi, yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutmağa başlaması olub.

Hücum nəticəsində bu günlər ərzində təkcə hərbçilərimiz deyil, eyni zamanda yeddi qadın və üç uşaq olmaqla 27 dinc sakin həlak olub, 140-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə, doğum evi, uşaq bağçası, məktəb, rayon məhkəməsinin binası və s. daxil olmaqla 450-ə yaxın yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib.

Hərbi təcavüz nəticəsində cəbhə xəttində yaranmış vəziyyətlə  bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət etdiyi vurğulanaraq ölkəmizin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanmaqla Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarını aparmağa vadar olduğu qeyd edilib.

Doğma torpaqları uğrunda və yalnız öz ərazilərində vuruşan ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normaları ilə istifadə olunması qadağan edilmiş kasset bombaları ilə dinc şəhər və kəndləri güclü atəşə tutmaqdadır.

Beləliklə, təmas xəttindən onlarla kilometr məsafədə yerləşən paytaxtdan sonra ikinci böyük, qədim şəhər olan Gəncə ciddi raket atəşinə tutulub. Bundan əlavə, hərbi əməliyyatlar aparılan yerdən 100 km-dən çox məsafədə yerləşən böyük bir sənaye mərkəzi və ərazisində iri su anbarı və enerji obyekti olan Mingəçevir şəhərinə raket zərbəsi endirilib.

Nazir xüsusilə qeyd edib ki, Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyır.

Ermənistan beynəlxalq normalara zidd olaraq, xarici ölkələrdən hərbi muzdluları cəlb edir və onlardan istifadə edir, bundan əlavə beynəlxalq arenada, sosial şəbəkələrdən geniş istifadə olunmaqla Azərbaycana qarşı terror və digər cinayət əməllərinə çağırışlar edilir.

Mülki infrastrukturun atəşə tutulması və dağıdılması nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı beynəlxalq humanitar hüququn pozulmasına dair Azərbaycanın Baş Prokurorluğu tərəfindən onlarla cinayət işinin açılması barədə məlumat verilib.

Erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının (822, 853, 874 və 884 nömrəli) dörd qətnaməsinin və Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatların digər analoji qərarlarının artıq təxirəsalınmadan dərhal icra edilməsinin və ədalətin bərpa edilməsi üçün beynəlxalq hüququn tam gücünü tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Ədliyyə naziri davam edən təcavüz nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq, mövcud beynəlxalq hüquq mexanizmlərinin reallaşdırılması və ədalət, sülh və əmin-amanlığın bərpa olunması naminə həmkarlarını real əməllər görməyə, xüsusilə muzdlu hərbçilərin münaqişə zonasına göndərilməsi üçün qanunsuz cəlb olunmasının və onların ölkələrinin ərazisində digər qanunsuz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq preventiv tədbirlər həyata keçirməyə çağırıb.

Müraciətin sonunda ədalət mühakiməsinə və ədliyyəyə məsul şəxs olaraq həmkarlarının bu məsələdə iştiraksız qalmayacaqlarına və beynəlxalq hüququn görünməmiş pozuntularına qarşı öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəklərinə əminlik ifadə olunub.

www.yenicag.az

156