Ədliyyə nazirindən vyetnamlı həmkarına məktub

Tarixi dostluq əlaqələrinə söykənən Azərbaycan-Vyetnam münasibətləri Prezident İlham Əliyevin və Prezident Nquyen Fu Çonqun iradəsi ilə uğurla inkişaf edir, ölkələrimiz ikitərəfli formatda və beynəlxalq təşkilatlar, o cümlədən hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edir.

Əlaqələrimiz həmçinin, hüquqi sahədə genişlənərək, iki dövlətin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanıb, nümayəndə heyətlərinin ikitərəfli səfərləri həyata keçirilib, faydalı təcrübə mübadiləsi aparılıb.

COVID-19 qlobal pandemiyasına baxmayaraq əlaqələrin dərinləşdirilməsi ilə bağlı qarşılıqlı niyyət ifadə olunaraq Azərbaycan və Vyetnam Ədliyyə nazirlikləri arasında ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin tətbiqinin videokonfranslara üstünlük verilməklə öyrənilməsi və bu kimi digər konkret tədbirləri nəzərdə tutan Əməkdaşlıq Proqramının imzalanması qərara alınıb.
Xüsusi karantin rejimi şəraitində diplomatik kanallar vasitəsilə sentyabr ayında imzalanmış sənədin qüvvəyə minməsi münasibətilə Ədliyyə naziri Fikrət Məmmədov Vyetnamın Ədliyyə naziri Le Txanh Lonqa məktub ünvanlayıb.

Məktubda Əməkdaşlıq Proqramının qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyi, ədliyyə və məhkəmə sistemindəki islahatlara və yeniliklərə dair təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb.

Nazir F.Məmmədov vyetnamlı həmkarına bir aydan artıqdır dünya ictimaiyyətinin diqqətinin yönəldiyi Ermənistanın işğalçılıq siyasəti, ölkəmizə və dinc əhaliyə qarşı beynəlxalq humanitar hüquq normaları kobud pozulmaqla törətdiyi hərbi təxribatlar, insanlıq əleyhinə və müharibə cinayətləri barədə ətraflı məlumat verib.

Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılmış müzakirələrdə qurumun qeyri-daimi üzvü olan Vyetnamın beynəlxalq hüquq normalarına sadiq qalmaqla Azərbaycanın haqlı mövqeyinin müdafiəsində prinsipiallıq göstərilərək dəstəyinə görə minnətdarlığını ifadə edib.

Sonda nazir Azərbaycan-Vyetnam əlaqələrinin bundan sonra da müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edəcəyinə əminliyini bildirib.