!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanladı

!Reklam – Yazi

BMT-nin dəstəyi ilə yaradılmış və dünyanın 140 dövlətini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov təşkilatın üzvlərinin işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatları və müharibə cinayətləri barədə məlumatlandırılması məqsədilə Assosiasiyanın prezidenti, Qətərin Baş prokuroru Dr. Ali Al Marriyə müraciət ünvanlayıb.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, müraciətdə Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli tarixi torpağımız Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal olunması, Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalaraq bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi qeyd edilib.

Bildirilib ki, münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini müxtəlif bəhanələrlə uzadan, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasına məhəl qoymayan Ermənistan ona sərf edən status-kvonu davam etdirərək 30 ildir torpaqlarımızı işğal altında saxlayır. Bu ərazilərin zəngin təbii ehtiyatlarını istismar edərək qeyri-qanuni iqtisadi fəaliyyət göstərir, qanunsuz məskunlaşdırma həyata keçirir, tarixi, mədəni və dini abidələrimizi məhv edir, məscidlərimizdə heyvanlar, xüsusilə müsəlmanların hisslərinə toxunan donuz saxlayırlar.
Bütün bunlarla beynəlxalq hüquq normalarını, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozan Ermənistanın yeni rəhbərliyinin açıq işğalçılığa hesablanan şüarlarla çıxışlar etməsi qeyd olunaraq düşmənin hərbi təxribatlarını intensivləşdirdiyi bildirilib.

Müraciətdə bu məsələlərin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrimizə və dinc əhaliyə qarşı başladığı hərbi təxribatlara cavab olaraq ölkəmiz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanmaqla işğalçını sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatları həyata keçirir.

Doğma torpaqları uğrunda və yalnız öz ərazisində heç bir kənar dəstək olmadan öz gücü ilə vuruşan ordumuzun uğurlu əks hücumunu görən Ermənistan tərəfinin qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından, xüsusilə beynəlxalq hüquq normalarına əsasən istifadə olunması qadağan edilmiş kasset bombaları ilə hərbi əməliyyatlar aparılan yerdən onlarla, yüzlərlə kilometr aralıda yerləşən insanların sıx məskunlaşdığı Gəncə, digər dinc şəhər və rayonlarımızı, o cümlədən oktyabrın 28-də Bərdəni dəfələrlə atəşə tutduğu, nəticədə 21 nəfərin həlak olduğu, 70 insanın isə yaralandığı diqqətə çatdırılıb. Bütövlükdə isə, bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda qadın, uşaq və ahıllar olmaqla 94 dinc sakinin həlak olduğu, 380-dən çox mülki şəxsin yaralandığı, 2.700-dən artıq yaşayış binasının və mülki obyektin dağıdıldığı və ya ciddi ziyan dəydiyi qeyd olunub.

Razılaşdırılmış humanitar atəşkəs rejiminə dəfələrlə məhəl qoymayan Ermənistanın qeyri-insani siyasətindən əl çəkmədiyi, dinc əhaliyə və mülki infrastruktura hədəflənən təxribatlarını davam etdirdiyi, həlak olanların və sayının artdığı vurğulanıb.
Müraciətdə Gəncəyə səfər etmiş Qətərin Azərbaycandakı səfirinin dinc insanlara qarşı törədilmiş müharibə cinayətlərini pislədiyi, Qətərin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyi minnətdarlıqla qeyd edilib.

Bundan əlavə, münaqişəyə xarici ölkələrdən olan hərbi muzdluları cəlb edən Ermənistan tərəfindən, həmçinin Çikaqo Konvensiyasının tələbləri pozularaq humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması vurğulanıb, bununla əlaqədar Azərbaycan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət olunduğu barədə məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan döyüş meydanında açıq üstünlüyə malik olmasına baxmayaraq, insanların həyatını qorumaq naminə qan tökülməsini istəmir və razılaşdırılmış prinsiplər çərçivəsində sülh danışıqlarının aparılmasının tərəfdarıdır.
Nazir beynəlxalq nüfuza malik olan peşəkar hüquqşünas və prokuror kimi müharibə cinayətlərinin qarşısının alınması naminə öz səylərini əsirgəməyəcinə, IAACA-da təmsil olunan çoxsaylı dövlətlərin mötəbər nümayəndələrinin səslərini bütün dünyaya ucaldacaqlarına ümidvar olduğunu bildirib.

Ədliyyə Nazirliyi tərəfindən həmçinin, birgə layihələr həyata keçirilən BMT-nin Uşaq Fonduna (UNICEF) müraciət ünvanlanaraq Ermənistanın müharibə cinayətləri, mülki insanların hədəfə alınması, 11-i uşaq olmaqla onlarla dinc vətəndaşların həlak olması, bəzi uşaqların hər iki valideynini itirməsi barədə məlumat verilib, habelə ordudan kütləvi fərarilik halları ilə üzləşən düşmənin çıxılmaz vəziyyətdə olması görüntüsünü yaratmaq niyyəti ilə döyüş əməliyyatlarına hətta uşaqları cəlb etməsi faktları diqqətə çatdırılıb. Bununla da Ermənistanın beynəlxalq humanitar hüququn, xüsusilə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının tələblərini kobud surətdə pozduğu vurğulanıb.
Eyni zamanda BMT-nin digər ixtisaslaşmış qurumu və fəal tərəfdaşımız olan Dünya Bankına müraciət göndərilib. Bildirilib ki, respublikamızın dinc əhalisi və mülki obyektləri dəfələrlə Ermənistanın terror və hərbi təxribatlarına məruz qalır, o cümlədən məhkəmə infrastrukturunun müasirləşdirilməsinə dair birgə layihə həyata keçirdiyimiz Gəncə və digər yaşayış bölgələrimizə raket zərbələri endirilib, məhkəmə binalarına ciddi ziyan dəyib.

Bundan əlavə, nazirliyin sıx əməkdaşlıq etdiyi, dünyadakı yüksək nüfuzu və həyata keçirdiyi nəcib missiya nəzərə alınaraq Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və qurumun Avropa Regional Bürosuna, Qlobal Fonda (səhiyyə üzrə) müraciətlər olunub və onların qeyd olunan məsələlərdə laqeyd qalmayacaqlarına, insanların həyatını və sağlamlığını qorumaq naminə qan tökülməsini dayandırmaq və sülhü bərpa etmək üçün səslərini ucaldacaqlarına ümidvar olduğu bildirilib.

Nazirlik tərəfindən analoji müraciətlər, uzun illər əməkdaşlıq edilən Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına (GIZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna (IRZ) da ünvanlanıb.

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv