Ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə Ədliyyə Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə tədbiri təşkil olunub.
Yenicag.az xəbər verir ki, tədbir Bakı Biznes Mərkəzində keçirilib. Brifinqi giriş sözüylə nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb.
Əflatun Amaşov açıq hökumətin təşviqi prinspipindən irəli gələrək əhalinin mütəmadi maarifləndirilməsi işində vətəndaş cəmiyyəti institutlarının və KİV-in rolunun xüsusi olduğunu qeyd edib. Bildirilib ki, işini şəffaflıq və dürüstlük prinspləri üzərində quran Ədliyyə Nazirliyi daima media ilə əməkdaşlıq etməyə hazırdır.
Daha sonra çıxış edən nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, İnformasiya kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə və Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bu sahədə fəaliyyətin təşkili və yeniliklər haqqında məlumat veriblər.
Brifinqdə ədliyyə və məhkəmə sahəsindəki innovasiyalar media nümayəndələrinə təqdim olunub. Daha sonra tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıb.