“Efirə çıxarılan o “mütəxəssislər” prezidentin siyasətini lağlağı obyektinə çevirirlər” – ETİRAZ

“Bizim kimi adamların üzünə o qapıları bağlayıblar və nəticə də budur”.

Bu fikirləri hökumətin müəyyən qərarlarını əsaslandırmaq üçün efirə çıxarılan bir çox ekspertlərin öz “arqument”ləri ilə əks-effektə səbəb olmalarına münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan “ekspertlər” öz çıxışları ilə prezidentin siyasətini yerdən-yerə vururlar:

“Əlbəttə, atılan addımların əsaslandırılması belə olmamalıdır. Tək qiymət artımı deyil, ümumiyyətlə, hökumətin bir çox sahələrdə atdığı müxtəlif addımlar məhz o yarıtmaz “mütəxəssis”lərin sayəsində gözdən salınır. Əslində, bizim vətəndaşlar kifayət qədər intellektualdırlar, o addımlar normal dildə izah edilsə, başa düşəcək.

Amma təəssüf ki, o cümlədən, qiymət artımı ilə bağlı təsadüfi adamları efirə çıxarırlar və onlar da aşağı-yuxarı danışırlar. Məsələn, adamın biri çıxıb qazın, işığın qiymətinin artırılmasının vətəndaşın rifahına faydası olduğunu deyirsə, vətəndaş bunu haqlı olaraq top-tüfənglə qarşılamaldır.

Əgər efirə çıxıb bu addımları dövlət siyasəti, Azərbaycandakı maliyyə durumu, Qarabağ müharibəsi, əlavə ehtiyacların yaranmasını və başqa məsələləri əsaslandırılmış qaydada təqdim edəndə, vətəndaş düşünəcək ki, bəli, dövlət doğru edir, həqiqətən də, bu addımları atmalıdır. O “mütəxəssis”ləri efirə kim və niyə çıxarır, bu da əlavə sualdır. Bizim kimi adamların üzünə isə o qapıları bağlayıblar və nəticə də budur.

Prezident faydalı işlər görür, gecə-gündüz dövlət naminə çalışır. Hətta mən təəccüblənirəm ki, dövlət başçısı istirahət-bayram bilmədən iyirmi dörd saat işləyir. Eynilə də ölkənin Birinci vitse-prezidenti. Yəni prezident dövlət və millət naminə faydalı işlər görmək üçün canından belə olur, lakin üç-beş nəfər yarımqafalı adamı efirə çıxarıb danışdırırlar və onlar prezidentin siyasətini yerdən-yerə vurur, lağlağı obyektinə çevirir.

Ona görə də sosial şəbəkələr bu cür yanaşmalarla dolub-daşır. Bizim kimi adamlar isə o böyük kütlənin içində sadəcə, sözümüzü çatdıra bilmirik. Çünki efir üzümüzə qapalıdır, sosial şəbəkələrdə isə hamıya cavab vermək mümkün deyil. Bu üzdən də də nəticə belədir”.

A.Zeynalov