Əfqan müharibəsinin gizlinləri: Azərbaycanın itkin, yaralı, adsız qəhrəmanları…

1989-cu il fevralın 15-i Əfqanıstandan məhdud sayda sovet ordusu kontingentinin çıxarılmasının başa çatması günü kimi qeyd olunur.

1979-cu ilin 27 dekabrında o vaxtkı Əfqanıstan respublikası rəhbərliyinin təkidli xahiş və tələblərindən sonra əfqan inqilabının nailiyyətlərini qorumaqdan ötrü sovet rəhbərliyi ölkəyə məhdud sayda qoşun göndərməyə razılıq verdi və SSRİ Müdafiə Nazirliyinin 40-cı ordu qismində oraya göndərildi.

600 mindən çox sovet vətəndaşı 9 il, 1 ay, 11 gün ərzində Əfqanıstanda Sovet Ordusunun tərkibində və digər inzibati orqanların tərkibində xidmət ediblər. 13 mindən artıq gənc Əfqanıstan müharibəsində həlak olub, 333 nəfər isə itkin düşüb. Əfqanıstan müharibəsində təxminən 7 000 Azərbaycan vətəndaşı iştirak edib. Onlardan 209 nəfəri həlak olub. Onlardan 195 nəfəri azərbaycanlıdır. 400 nəfərdən çox Azərbaycan vətəndaşı isə müxtəlif yaralar alıb. 7 nəfər Azərbaycan vətəndaşı Əfqanıstan müharibəsində itkin düşüb, onlardan 1 nəfəri sonradan geri qayıtsa da, 6 nəfər hələ də itkin sayılır. Ümumilikdə isə 334 nəfər sovet vətəndaşı itkin düşüb. Onlardan 50-i sonradan mücahidlərə qoşularaq, sovetlərə qarşı döyüşüb, 18 nəfəri 3-cü ölkəyə keçib, 17 nəfəri geri qayıda bilib, 6 nəfər isə geriyə qayıtmaqdan imtina edib.

Razılaşmaya görə sovetlər ölkəyə kənardan hərbi müdaxilənin qarşısını almaq üçün Əfqanıstana girsə də, sonradan əfqan rəhbərliyinin təkidi ilə daxildəki hakimiyyətə qarşı çıxan qüvvələrlə də mübarizə aparıb.

Əfqanıstan müharibəsi, səbəb-nəticə, azərbaycanlıların əfqan müharibəsindəki iştirakı və onlara qarşı haqsızlıqlarla bağlı Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyinin sabiq sədri, hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a danışıb:

“9 il ərzində 1363 nəfər həmvətənlimiz SSRİ-nin yüksək orden və medallarına layiq görülüb. Polkovnik Eldar Muradov 2 dəfə “Qırmızı ulduz” medalı ilə təltif edilib. Onlardan bir neçəsinin adı “Sovet ittifaqı qəhrəmanı” titulu üçün təqdim edilsə də, məhz azərbaycanlı olduqları üçün bu ada layiq görülməyiblər. Əfqanıstanda xüsusi təyinatlıı kəşfiyyat bölüyünün komandiri olmuş, Azərbaycan ordusunun quruculuğunda yüksək xidmət göstərmiş general-leytenant Talıb Məmmədov adlı igid bir oğul vardı, indi də sağdır. Rus soyadlı, bakılı, Azərbaycanda hərbi məktəbi bitirmiş Çernojukov “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüşdü, amma Talıb Məmmədov yox”.

Tərlan Eyvazov Əfqanıstan müharibəsində azərbaycanlıların çox yüksək dərəcədə xidmət etməsini azərbaycanlıların və əfqanların müsəlman olması il əlaqələndirib:

“Azərbaycanlılarla əfqanların kontaktı daha yaxşı idi. Hətta mücahidlərlə əlaqəni də azərbaycanlılar qururdu. Sovet rəhbərliyinin də bundan xəbəri vardı. Orada bizim qazandığımız təcrübə sonradan Qarabağ problemində karımıza gəldi. Əfqanıstan müharibəsinin istər keçmiş zabitləri, istərsə də əsgərləri Azərbaycan milli ordusunun yaradılmasında fəal iştirak etdilər. Bu gün də onlardan bəziləri Vətənin müdafiəsindədir. Milli Qəhrəman general-leytenant Rövşən Əkbərov hələ də xidmətini davam etdirir. Təəssüflər olsun ki, Milli Qəhrəman Eldar Ağayev, general Fikrət Məmmədov dünyalarını vaxtsız dəyişdilər. Əfqanıstan müharibəsində iştirak edən 10 minə yaxın azərbaycanlının arasında bir nəfər də fərari olmadı. Bu, böyük bir nümunədir”.

Umumiyyətlə, o zaman belə bir fikir formalaşmışdı ki, SSRİ Əfqanıstandan qalib ayrılmasa, ölkə dağılacaq. Sovet ordusunun Əfqanıstakı hərbi əməliyyatlarının nəticəsi ilə bağlı ekspert bunları dedi:

“SSRİ-nin ən böyük səhvi onda oldu ki, 1978-ci ilin aprel ayında Əfqanıstandakı kommunist inqilabının baş verməsinə yardım etdilər. Əfqanıstan kommunist inqilabına hazır deyildi. Onların öz yaşam tərzi, mentaliteti vardı. Kommunistlərin Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra öz aralarında parçalanma başladı və Stalinin zamanında olduğu kimi xalqa qarşı repressiyalar oldu. Əfqanıstanda hər yerdə üsyanlar, çaxnaşmalar baş qaldırandan sonra əfqan kommunist rəhbərliyi çıxış yolunu SSRİ-dən hərbi yardım almaqda gördü. Sovet rəhbərliyinin bir çoxu buna qarşı çıxdı. Ancaq Brejnev belə bir addım atdı: Əfqanıstan hakimiyyətinin birillik təkidlərindən sonra SSRİ oraya qoşun göndərdi və böyük səhvə yol verdi. SSRİ-nin bu səhv addım atmasında ABŞ-ın çox böyük rolu oldu. ABŞ olduqca güclü, siyasi manevrlər etdi ki, SSRİ Əfqanıstana qoşun yeritsin və sovet hökuməti də bu oyunun qurbanı oldu. Partizan müharibəsinə qarşı hələ heç bir ordu effektiv müharibə apara bilməyib. Xalqa heç vaxt qalib gəlmək mümkün deyil. Əfqan xalqına tarixdə yalnız Çingiz xan qalib gəlib. O da bütün canlıları məhv edərək. Sovetlər birliyinin rəhbərliyi bunu başa düşmədi. Təbii ki, bir ordu ilə böyük bir əraziyə və xalqa nəzarət etmək mümkün deyildi”.

Sovet qoşunları Əfqanıstandan çıxandan az müddət sonra SSRİ dağıldı. Bu müharibənin SSRİ-nin dağılmasındakı roluna gəldikdə isə Tərlan Eyvazov qeyd etdi ki, Sovet İttifaqının dağılmasında təkcə əfqan müharibəsinin uduzulması rol oynamadı:

“Qorboçov hakimiyyəti dövründə SSRİ-nin əsasları sarsılmışdı. ABŞ və Qərbin apardığı siyasət nəticəsində neftin, qazın qiyməti kəskin aşağı düşdü, hansı ki, SSRİ bunun üzərində durmuşdu. Qorboçovun yeritdiyi yumşaq siyasət yerlərdə müəyyən qrupların, ideyaların güclənməsinə səbəb oldu. Təbii ki, Əfqanıstan müharibəsinin başlanması və orada qələbənin əldə edilməməsi səbəblərdən biridir. SSRİ Əfqanıstanda milyardlarla dollar pul itirdi. Bu da iqtisadiyyatı çökdürdü. İqtisadiyyatı çökən dövlətin də yıxılması labüd idi”.

Səxavət Məmməd