Əfqanıstan “labirint”indən ÇIXIŞ: “Türkiyə, Pakistan və marşal Dustumun qüvvələri…” – ŞƏRH

“Baydenin ABŞ hərbi kontingentini Əfqanıstandan çıxarmaq qərarı rüsvayçılıqdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ölkənin “Taliban” təhlükəsindən müdafəsində Türkiyənin mümkün rolunu dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Türkiyə Əfqanıstanda effektli fəaliyyətlə bağlı bəzi planlarını gerçəkləşdirə bilsə, “Taliban”ı sıradan çıxarmaq çətin olmayacaq:

“Bildiyiniz kimi, Türkiyə hərbçiləri uzun müddətdir ki, beynəlxalq koalisiyanın tərkibində Əfqanıstanda xidmət göstərirlər. Türkiyə əsgərləri, əsasən, Kabildəki beynəlxalq hava limanını qoruyurlar. Amma ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxarmasından sonra yaranan vəziyyət Türkiyəni daha da fəallaşmağa sövq edib.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, Baydenin ABŞ hərbi kontingentini Əfqanıstandan çıxarmaq qərarı rüsvayçılıqdır. Göründüyü kimi, Sovetlərdən sonra Amerika da Əfqanıstandan rəzilcəsinə qaçmağa məcbur olur.

İndiki halda Türkiyə getdikcə artan “Taliban” təhlükəsinin qarşısını almaq üçün Ankaranın bəzi planlarını gerçəkləşdirməlidir. Bu sırada ilk növbədə Əfqanıstanla qonşu ölkələrin prosesə cəlb olunması zəruridir.

Amma hesab edirəm ki, “Taliban”ın qısa müddətdə tam məğlub edilməsi üçün Türkiyə, Pakistan və marşal Əbdülrəşid Dustum qüvvələrinin birgə hərəkət etmələri yetərli olacaq. Hesab edirəm ki, Əfqanıstanda bəlaya çevrilmiş “Taliban”ın məhvi üçün ən sərt tərdbirlər görülməlidir. Bunun baş verib-verməməsi isə aparılan müzakirələrin nəticəsindən asılı olacaq”.

A.Zeynalov