Əfqanıstan, Özbəkistan və İranda yaşayan Mərvi deyilən topluluq Şah Abbas zamanı indiki Azərbaycanın Gəncə bölgəsindən o zamankı Səfəvi imperiyasının sərhəd şəhərlərindən olan Mərv şəhərinə köçürülən Qacar tayfasının soyundan gəlir.
Mərv şəhəri 1600-cü ildən ― Mehrab Xan Qacardan 1786-cı ilədək ― Bayram Əli Xan Qacaradək Mərv Qacarları tərəfindən idarə olunub. Sonuncu Mərv hakimi Bayram Əli Xan İzzəddinli-Qacar 1786-cı ildə Buxara qoşunu ilə döyüşdə həlak olub və Mərv şəhəri Buxaranın tabeliyinə keçibdir.
Şəhəri fəth edən Buxara əmiri Şah Murad Biy Mərv Qacarlarının çoxunu Səmərqənd şəhərinə aparır və onlara orada mülk, məmurluq verir, dövlət işində və qoşunda xidmətə cəlb edir. Həmin Mərvilər hal-hazırda da Səmərqənddə yaşayırlar. Mərv Qacarlarının bir qismi şəhər fəth olunan ərəfədə o zamankı Qacar dövlətinin Xorasan vilayətinə köçmüş və indi də İranın Xorasan vilayətinin Ləngər və bir neçə başqa məntəqələrində yaşamaqdadırlar. Üçüncü bir bölümü isə Əfqanıstana köçüb, hazırda Əfqanıstanın Herat vilayətinin Şəkiban-i Mərvi və Mamizak adlı iki kəndində yaşamaqdadırlar.
Mərvdən gəldiklərinə görə özlərinə Mərvi (yəni Mərvli) deyirlər. Mərvilər günlük həyatda öz ana dillərində danışırlar. Mərvilərin ana dili Xorasan Türklərinin ləhcələrindən biridir.
Bu videoda danışan ağsaqqalın adı Nurbaydır və o, Heratdakı Şəkiban Mərvilərindəndir. Əfqanıstanın Herat vilayətində 10 min nəfərə yaxın Mərvi Türkü yaşamaqdadır.