Əfqanıstandan şok statistika: Ölkədə 50 mindən çox terrorçu var

Hazırda Əfqanıstan ərazisində 21 qanunsuz təşkilat, 50 min silahlı fəaliyyət göstərir.

Yenicag.az  TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın müdafiə naziri Hilaluddin Hilal Pekində keçirilən təhlükəsizlik məsələləri üzrə beynəlxalq Syanşan forumunda çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən ən böyük qruplaşma “Taliban” hərəkatıdır. Onun üzvlərinin sayı 38 mini keçib. İkinci ən böyük silahlı qrup olan “Hakkani şəbəkəsi”nin isə sıralarında 11 min döyüşçünün vuruşduğu bildirilib.

Ölkədə, həmçinin 2 min üzvü olan İŞİD qruplaşması da fəaliyyət göstərir. Bəzi ölkələr İŞİD qruplaşmasının güclənməsindən ehtiyat edərək taliblərə dəstək verir.

Qeyd edək ki, oktyabrın 26-da təhlükəsizlik məsələləri üzrə VIII Syanşan forumu öz işinə başlayıb. Tədbirin təşkilatçısı Çin Xalq Respublikası Müdafiə Nazirliyi, həmçinin Hərb Elmləri Assosiasiyası və Çinin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutudur. Forumda 79 ölkənin müdafiə qurumlarının, silahlı qüvvələrinin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin keçmiş hərbçilər, siyasi və elm xadimləri iştirak edirlər.

COP29