Reklam

Reklam

Anatoli və Sergey Beloqlazov qardaşlarını hər kəs çox yaxşı tanıyır. Onlar sərbəst güləşin əfsanələrindən hesab olunur. Hazırda Moskvada yaşayan əkiz qardaşlardan biri – Olimpiya çempionu Anatoli Beloqlazov Yeniçağ.az-a müsahibə verib.

– Hər kəs Beloqlazov qardaşlarını əfsanə kimi tanıyır. Bu fikirlə razısınız?

– Dünyanın bir çox ölkəsində karyerası ərzində inanılmaz nəticələr göstərmiş əfsanəvi güləşçilər var. Saitiev qardaşları, Krelin, Aleksandr Medved, Con Smit, Valentin Yordanov kimi bir çox idmançılar güləşdə tarix yazıb. Hətta bu siyahını uzada da bilərəm. Düşünürəm ki, qardaşım Sergey də güləş sahəsindəki uğurlarına görə bu siyahıda öndə yer alanlardandır.

– Bildiyimiz kimi Beloqlazov qardaşları dəfələrlə yarışlarda qarşı-qarşıya gəliblər. Niyə sonradan fərqli çəkilərdə güləşmək qərarına gəldiniz?

– Düzdür, cavanlıqda bir-birimizlə güləşmişik. Olduqca güclü döyüşlər keçirirdik.
Çünki nə mən, nə də Sergey məğlub olmaq istəmirdik. Bizim məşqçimiz Qranit Taropin, bunun sonsuza qədər davam edə bilməyəcəyini başa düşüb, fərqli kateqoriyalarda güləşməyimizlə bağlı qərar verdi.

– Səhv etmirəmsə, sizin o güləşinizi izləyicilər və mütəxəssislər “qardaş qırğını” adlandırırmışlar.

– Doğrudur… Hətta deyərdim ki, bizim bir-birimizlə güləşimiz barəsində deyilmiş “qardaş qırğını” çox doğru ifadədir. İkimiz arasındakı son qarşılaşma Yeniyetmələr arasında keçirilən “Milli çempionat” olub. Mən finalda 1 xal hesabı ilə Sergeyə məğlub oldum. Elə həmin gün məşqçimiz “bu, bir-birinizə qarşı son güləşinizdir” dedi.

– Bəs sizin döşək üzərində mübarizəniz kənarda da davam edibmi?

– Təbii ki. Çox ciddi müzakirələrimiz olur, hətta dava həddinə qədər çatırdı. Ancaq sonda yenə hövsələmiz qalib gəlirdi. Çünki Sergey hər zaman mənim nöqteyi -nəzərimə hörmətlə yanaşıb. Mən də ona hörmət etmişəm. Düşünürəm ki, bu, hər bir ailədə normal haldır.

– Qardaşlar arasına nifaq salmaq istəyənlər olub?

– Şükürlər olsun ki, heç kim bizim aramızda dava yaratmağa, nifaq salmağa çalışmayıb. Həmin vaxtlarda bizim çox güclü və səmimi bir komandamız vardı. Əhatəmizdəki insanlar da çox etibarlı və vicdanlı idi. Biz Sergeylə doğma qardaş olsaq da, həyatda həmişə yaxşı dost olmuşuq. Buna görə də bu cür problemlərin yaşanması mümkün deyildi. Heç kim bizi dalaşdıra bilməzdi.

– Anatoli Beloqlazov, siz bir dəfə, qardaşınız isə 2 dəfə Olimpiya çempionu olub. Bu, sizdən kimin daha güclü olduğunun bir göstəricisi deyilmi?

– Nəticələrə baxanda görürsüz ki, Sergeyin uğurları mənimkindən çoxdur. Ancaq mən səhhətimlə əlaqədar olaraq, karyeramı qardaşımdan 6 il tez başa vurmalı oldum. Hesab edirəm ki, onun inanılmaz nəticələrinə çatmaq üçün mənim daha çox vaxta ehtiyacım var idi.

– Ailənizdə sizdən başqa güləşlə məşğul olan var?

– Oğlum 5-6 il güləşlə məğul olub. Hətta Kanadada və Avstraliyada gənclər arasında keçirilən beynəlxalq turnirlərdə qalib gəldi. Sergeyin isə iki kiçik qızı var, onlar da tennislə məşğuldur. Mənim qızım da tennis üzrə məşqçi kimi fəaliyyət göstərir. Kiçik oğlum futbol oynayır və ciddi şəkildə bilyard azarkeşidir.

– Bəs indi Beloqlazov qardaşları nə işlə məşğuldurlar?

– Hazırda mən Moskvada CSKA Güləş Klubunda məşqçi kimi fəaliyyət göstərirəm. Sergey isə Qazaxıstan Güləş Federasiyası ilə müqaviləsini bitirib. Evə – Rusiyanın Kalininqrad şəhərinə qayıtmağı planlaşdırır. İndi vaxtını ailəsinə həsr etmək istəyir. Ailə üzvləri ilə vaxt keçirtmək üçün məşqçi fəaliyyətinə bir müddət ara verəcək.

– Azərbaycanda olmusunuz? Ümumiyyətlə, Azərbaycan güləşçilərindən kimi tanıyırsız?

– Əlbəttə, Azərbaycana dəfələrlə gəlmişəm. Çox gözəl ölkədir. Gülərüzlü insanları və mükəmməl mədəniyyətləri var. Sizin ölkənin həmişə məşhur güləşi və mükəmməl güləşçiləri olub. Çox güclü güləş məktəbiniz və ənənəniz var. Hətta çox məşhur Azərbaycan güləşçilər var ki, onları mən yaxşı tanıyıram. Ən çox bəyəndiyim idmançılarınız Namiq Abdullayev, Telman Paşayevdir. Baxmayaraq ki, Namiq Abdullayev artıq karyerasını başa vurub, amma o mənim nəzərimdə indinin özündə də ən güclü güləşçi kimi qalır.

– Bəs Azərbaycanın sərbəst güləş üzrə milli komandasının baş məqçisi Firdovsi Umudovu tanıyırsız?

– Əlbəttə ki, Firdovsi Umudovu çox yaxşı tanıyıram. O, əvvəllər sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi kimi fəliyyət göstərirdi. Onunla komandaların təlim-məşq toplanışlarında olmuşuq. F.Umudovun çox gözəl ürəyi var. Bir sözlə, yaxşı insandır və güclü məşqçidir. Əsl işinin peşəkarıdır.

– Yaxın zamanda yenidən Azərbaycana gəlməyi düşünürsüz?

– Nə vaxtsa Azərbaycana gələcəm. Əgər dəvət etsəniz həmin an gələrəm. Bayaq da dedim: sizin ölkənizi və millətinizi çox bəyənirəm.

 

Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 260
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.