Əfsələddin AĞALAROV: Axı Nadirə niyə vəzifə verilmədi?

O5Hqtp7L18ItBir-iki arzum var ürəyimdə gizlətdiyim. Belə getsə ağlımı itirəcəm. Mənim bu arzularım lap yeyib-bitirdi məni. Yuxumun şirin yeri, acı yeri qalmayıb. Hər gün bu arzularla yatır, bu arzularla dururam.

Əslində elə də böyük və mümkünsüz deyil mənim arzularım. Baş tutması üçün hər gün Allaha da dua edirəm, gedirəm o ocaqlarn başına nəzir də qoyuram. Yəqin kimsə məni uzaqdan pul qoyan görüb daşın altındakı nəziri əkişdirir. Yoxsa indiyə kimi bütün arzularım reallaşmalıydı. Çox uzatmayım, qoy birinci arzumu deyim.

Mən onu arzu edirəm ki, növbəti parlament seçkilərində Elza Seyidcahan deputatlığa namizəd olsun. Mən də sizin kimi onun məlahətli səsi, gözəl qafiyəli şeirlərinin vurğunuyam. Axı niyədə olmasın? Məgər Elza xanım azmı iş görüb bizlər üçün, heyvanlar üçün? Özüdə şeirləri dillər əzbəridi. Qafiyələrinədəki söz ola bilməz. Vışşi… Onsuzda o deputat olanların çoxundan elə də fərqlənməz. Maraqlı olar həm də. Qəşəng şeir oxuyar, feyziyab edər parlamentdəkiləridə.

Həm də, orada illərdir oturanların bir çoxunun Elza xanımdan hansı intelektual səviyyəcə biliyi çoxdur? Kim istəsə mərcədə girərəm. Lap telefonumu da qoyaram mərcə. Elza xanım deputat olsa yaxşı işləyəcək.

Hə, onu deyirdim axı… Demək olar ki, bu arzum reallaşır. Artıq özü də mətbuata danışıb. Bu il parlament seçkilərində iştirak edəcəyini və seçiləndən sonra ilk işinin şou-biznesdə olan qruplaşmalara son qoymaq olduğunu dilə gətirib. Çox pakizə. Bu xanım bir dahi arkadaşlar! Görün necə önəmli bir məsələnin kökünü qurutmağı özünə məqsəd qoyub. Bu şərəfli yolda Elza xanıma uğurlar arzu edirəm.

***

Yox yox, düşünməyinki burada arzularım tükəndi. Göydəki ulduzların sayı qədər məndə arzu var. Gözdüyün, ikincisində deyim.

Ikinci arzum odur ki, Roza Zərgərli Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor olsun. Bu xanım də az iş görməyib bizlər üçün. Nə vaxt baxıram hey çalışır, didinir. O efirdə mühafizəkar ailə modelindən danışanda tüklərim biz-biz olur. Onun səlist danışıq, qüsursuz nitq və özünəməxsus analiz qabiliyyətinə heyran olmamaq mümkün deyil. Öz əziyyəti ilə gəldiyi bu sənətdə qabağa getmək onun da haqqıdır.

***

Sonra arzu edirəm ki, bir gənc müğənni var. Ona da bir vəzifədən, samballı işdən verilsin. Sonra öyrəndim ki, bu arzum da sanki ilahi bir qüvə tərəfindən reallaşdırılıb. Leyla Ramazanlı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru təyin edilibmiş. Çox pakizə, çox əla!

Amma bu arzulardan biri boğazımda qalıb. Hələ də udqunanmıram. Hələ də bu arzumun necə reallaşmadığını anlamıram. Elə bil basaratımızı kimsə bağladı. Arzu etmişdim ki, Nadir müəllim Qafarzadə Qobu qəsəbəsinin Mədəniyyət evinin rəhbəri olsun. Elə bil kimsə bu adamın işinə daş qoydu. Bilirəm bu da gözügötürməyənlərin işidir. Nadir müəllim elə mədəniyyət evinin rəhbəri təyin olunmuşdu ki, axşama işi pozuldu. Yəni anlayacağınız, əjdahaya heç bir vəzifə düşmədi.

Bir sözlə, mədəniyyətimiz mənim arzularımla bax belə rəngarəng bir hal almağa başlayır. Mədəniyyət nazirliyi sağ olsun, elə bil ürəyimi oxuyur mənim. Bircə Nadir müəllimin işi yarımçıq qalmasaydı kefimə söz olanmazdı. Eybi yox, bu dəfə Nadirsiz də keçinərik təki mədəniyyətsiz keçinməyək.

Və bir arzumda qaldı. Onu da deyim sonra söz sizindi. 

Onu arzu edirəm ki, təki tanrı bizə bu ölkədə gerçək mədəniyyəti görmədən keçinməyi nəsib etməsin. Amin!