Əfv Məsələləri Komissiyasında nə dəyişəcək?

efv32“Əfv Məsələləri üzrə Komissiyada hər hansı bir yeniliyə ehtiyac olduğunu düşünmürəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni seçilmiş üzvü, hüquqşünas Əliməmməd Nuriyev komissiyanın fəaliyyətində yeniliklərə ehtiyacın olub-olmadığı ilə bağlı sualımıza cavab verərkən söylədi: “Əfv Komissiyası hər şeydən əvvəl dövlət qurumudur. İctimai əsaslarla fəaliyyət göstərsə də, yetərincə mühüm əhəmiyyətə malik qurumdur və prezidentin əfv etmək hüququnun reallaşması prosesində köməkçi vasitə kimi iştirak edir. Komissiyanın hüququ statusu da Əfv Məsələləri üzrə Komissiya haqqında əsasnamə ilə tənzimlənir. Ona görə də burada nəsə bir yenilik etməyə hansısa bir lüzum da yoxdur. Komissiyanın katibliyi daimi fəaliyyət göstərir, ilkin müraciətləri qəbul edir, ondan sonra onları məlumat bazasına daxil edir. Eyni zamanda, hər bir müraciətlə bağlı müvafiq soğruları göndərir. Hətta lazım olanda məhkumun yaşadığı yerə də müəyyən sorğular göndərir, məlumatları dəqiqləşdirir. Yəni Əfv komissiyası yetərincə daimi fəaliyyət göstərən bir qurumdur. Sadəcə olaraq, toplanılan məlumatların daha obyektiv olması üçün burada gərgin bir iş gedir və proseduranın reallaşması üçün də müəyyən qədər vaxt lazımdır.  Müraciətlərlə bağlı məlumat toplanandan sonra bu barədə komissiya sədrinə məruzə edilir. Komissiya sədri də gündəliyi formalaşdırır və iclasları çağırır.

Bu baxımdan da hesab edirəm ki, Əfv Məsələləri Komissiyasında hər hansı bir yeniliklər etməyə də ehtiyac yoxdur. Komissiya yetərində səmərəli fəaliyyət göstərir. Təsadüfi deyil ki, indiyə kimi prezident tərəfindən 60-a qədər əfv sərəncamı olub. Bütün bunların hazırlanması prosesində də təbii ki, Əfv Məsələləri üzrə Komissiya fəaliyyət göstərib. Həm də belə bir komissiyanın fəaliyyəti təkcə daxili standartlardan irəli gələn məsələ deyil. Eyni zamanda, digər ölkələrdəki oxşar qurumlara uyğun olan bir fəaliyyətdir. Hər bir məsələ ölçüb-biçilir və qərar ancaq ondan sonra verilir. Komissiya hər hansı bir məhkəməni də əvəz edən qurum deyil. İstənilən şəxs əfv olunsa da, bu o demək deyil ki, etdiyi cinayətə görə bəraət alır. Sadəcə olaraq humanizm prinsiplərinə söykənərək əfvlə bağlı tövsiyyə xarakterli qərarlar verir. Ona görə də burada hansısa radikal qərarlara da ehtiyac görmürəm. Həm də əfvlə bağlı son söz prezident tərəfindən həyata keçirilir. Düşünürəm ki, bu institutda tələsik hansısa bir yeniliklər etmək, sürətli qərarların qəbulu doğru olmazdı”.

ELÇİN