Əfv sərəncamı icra edilir – “Qadının yeri uşaqlarının yanıdır”

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.

Yenicag.az-ın məlumatına görə, bu cəzaçəkmə müəssisəsindən 8 qadın azadlığa buraxılıb.

Tədbirdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova da iştirak edib.

Əfv edilən qadın məhkum Gündüz Babayeva “Cənab Prezident İlham Əliyev imzaladığı əfv sərəncamı ilə məni balalarıma qovuşdurdu”deyib.

G.Babayeva əfv olunduğuna görə çox sevindiyini bildirib: “Cənab Prezident İlham Əliyevə minnətdaram ki, bizə bu sevinci yaşatdı, məni balalarıma qovuşdurdu. Dövlət başçımıza çox təşəkkür edirəm”.

O, qadınlara heç zaman cinayət əməlinə yol verməməyi tövsiyə edib: “Bir daha belə səhvə yol verib cinayət törətməyəcəyəm. Qadınlara da tövsiyəm odur ki, heç zaman cinayət əməlinə yol verməsinlər. Qadının yeri cəzaçəkmə müəssisəsi deyil, ailəsinin, uşaqlarının yanıdır”.

Əfv sərəncamı əsasında azadlığa çıxan məhkum Samirə Yusubova isə deyib ki, Dünən cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən çağırılaraq mənə “sənin də adın əfv sərəncamında var” deyilən anda sevincimin həddi-hüdudunu təsvir edə bilmirəm.

S.Yusubova da dövlət başçısına minnətdarlığını bildirib: “Öz adımdan, ailəmiz adından və məhkum qadınlar adından cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Cəza müddətim 5 il 6 ay idi. 3 il 3 ay idi ki cəza çəkirəm və 2 il 3 ay cəzadan azad edildim”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsindən isə 41 məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.

 

COP29