“Əgər bilik olmasa, diplom heç nədir” – Dövlət başçısı

“Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil”.

Yenicag.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.

O, sovet vaxtında diploma münasibətdən nümunə gətirib:

“Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır”.

Prezident qeyd edib ki, artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da:
“Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad – onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq”.

Gənclərdə vətənpərvərliyin çox güclü olmasının vacibliyindən danışan İlham Əliyev sözlərinə əlavə edib ki, gənclər milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar:

“Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.