“Əgər cəsarətiniz varsa tədbirin videosunu paylaşın” – Jurnalist icma sədrinə qarşı

Alban – Udi Xristian Dini İcmasının Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə ATƏT-in Varşava şəhərində keçirdiyi 3 nəfərlik “beynəlxalq konfrans”la bağlı gərginlik bitmək bilmir.

Jurnalist Səbuhi Abbasovun 4 gün bundan əvvəl səsləndirdiyi iradlara Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobil tərəfindən bu gün açıqlama verildi. R.Mobilinin adından yayılan açıqlamada S.Abbasovun iddiaları rədd edilsə də, tədbir iştirakçılarının sayı məsələsində jurnalistin narahatçılığı ilə qismən razılaşıblar: multikultural.az

R.Mobilin açıqlamasından sonra jurnalist S.Abbasov Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobil və ona məlum açıqlamanı yazmağı məcbur edənlərə cavab verib.

“Multikultural Azərbaycan” jurnalist S.Abbasovun statusunu olduğu kimi təqdim edir:

– Birincisi, müəllim qeyd edir ki, tədbirin maliyyələşməsini PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yox, Alban-Udi Xristian Dini İcması tərəfindən həyata keçirilib. Əzizim, PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi bu proses üzrə məsul qurumdur. Sizin xərclədiyiniz pul cibinizdən deyil, dövlət xəzinəsindəndir və bunun birbaşa məsuliyyəti sözügedən qurumun üzərinə düşür. Gördünüz zal boşdur, etməyin, yeni tədbir təşkil edin. Boş zala 1 saat danışmağın nə faydası var axı? Bu kimə və nəyə lazımdır.

İkincisi, müəllim qeyd edir ki, mən rəqəmi şişirtmişəm, əslində divarla, boş stullarla 1 saatlıq tədbirə 1156 Avro, təxminən 2200 manat xərcləmişik. Yenə də deyirəm, məbləğ 2000 yox e, lap 200 manat olsun. Söhbət ölkəni biabır etməkdən gedir. Söhbət Prezidentin və I Vitse-Prezidentin bu sahəyə verdiyi önəmdən gedir. Siz sadəcə onları aldadırsınız, bunun özü isə digər dəyərləri bir kənara atıram, yumşaq desək CİNAYƏTDİR!

Üçüncüsü, müəllim qeyd edir ki, mən yalan demişəm, tədbirdə 2 nəfər deyil, 7 nəfər iştirak edib. Yenə də deyirəm, bu cavab nonsensdir, kataklizmdir, apokalipsisdir, dəlilik əlamətidir. Etiraf edim ki, düz deyir. 2 nəfər iştirakçı olsa da, arxada 1 fotoqraf, 1 videoqraf, səfirlik əməkdaşı da olub. Mən gələndən sonra 7 nəfər tamamlanıb. Böyük “uğurdur”. Tədbirdə bağlı verdiyiniz press – relizdə erməni vandalizmini dünyaya çatdırdığınızı qeyd etmisiniz, təbii ki, Etibar müəllimin çıxışında. O çıxışını hazırlayanda əlinizi vicdanınızın üstünə qoydunuzmu?

Dördüncüsü, mənim nə Etibar müəllimlə, nə sizin icmanızla heç bir işim yoxdur. Bu hal bu günə qədər dəfələrlə olub. Və mən hər zaman bu kimi situasiyaları tənqid etmişəm, əcəb də eləmişəm. Məhz tənqidlərdən sonra bu kimi özbaşınalıqların sayı azalıb. Qoy mən pis olum, amma sonucda qazanan dövlətimiz olur!

Və sonuncusu, müəllim bizi qeyri-peşəkarlıqda suçlayır və erməni dəyirmanına su tökdüyümüzü deyir. Buna da maraqlı cavab verim. Mən demək olar bütün side – eventlərdə iştirak etmişəm. Orada ən zəif dövlətin, icmanın side-eventi belə sizinkindən səmərli və faydalı oldu, oturmağa boş stul belə olmurdu. Mən də sizə bir sual verim: 200 nəfərlik boş zalda 1 saat danışmaq və onu “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıq” kimi qələmə vermək əxlaqsızlıqdır, yoxsa bu biabırçılığın bir daha təkrarlanmaması üçün situasiya tənqid eləmək?

Altını çizərək qeyd edirəm, Sizin etdiyiniz bu dövlət, bu xalq, bu ölkənin rəhbərinə qarşı xəyanət idi. Bu xəyanətin müəllifi isə Siz və PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovdur! Əgər cəsarətiniz varsa tədbirin videosunun tam versiyasını paylaşın, kimin kim olduğunu hər kəs biləcək!