“Əgər kiçik bir “kiosk”u olan sahibkar partiyaya gəlməkdən çəkinirsə, o zaman…” – RƏY

“Partiyalar qarşısında tələbləri sərtləşdirmək yox, onların fəaliyyətinə münbit şərait yaratmaq lazımdır”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” qanunun yeni redaktəsində əks olunmuş müddəalara münasibət bildirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, partiyaların sayındakı süni artımın qarşısını almaq üçün proporsional seçki sisteminin bərpası zəruridir:

“Bəli, siyasi partiyalar haqqında yeni qanun layihəsində artıq bir sıra yumşalmalar baş verib. Layihə hələ birinci oxunuşdan keçib və ola bilsin, müzakirələrdən sonra bir sıra tələblər daha da yumşaldılsın.

Ümumiyyətlə, partiyalar qarşısında tələbləri sərtləşdirmək yox, onların fəaliyyətinə münbit şərait yaratmaq lazımdır. Bəli, bu gün partiyalar ofislərlə təmin olunur, amma onların fəaliyyəti ofislə məhdudlaşmır axı…

Partiyaların inkişafı və təsir imkanları əldə etmələri üçün proporsional seçki sistemi bərpa olunmalıdır. Əks halda, partiyaların mövcudluğunun bir əhəmiyyəti qalmayacaq.

Layihədə say məsələsi, partiya üzvlərinin sayının müntəzəm monitorinqinin aparılmasına dair müddəa var. Həmin monitorinqi Ədliyyə Nazirliyində yeni yaradılmış bir qurum həyata keçirməlidir. Bu işlər necə nizamlanacaq, hələ bilinmir.

Üzv məsələsi də asan deyil. Əgər kiçik bir “kiosk”u olan sahibkar partiyaya gəlməkdən çəkinirsə, o zaman siyasi təşkilatlar necə fəaliyyət göstərsin? Dünyanın əksər ölkələrində partiyaların üzvlərinin yox, onların cəmiyyətdəki tərəfdarlarının sayı əsas götürülür. Fikrimcə, bizdə də belə olmalıdır”.

A.Zeynalov